Azərbaycanda ilk dəfə “ağıllı bağ” YARADILIR - FOTO
    • 28-12-2019, 13:56
    • 704

Azərbaycanda ilk dəfə “ağıllı bağ” YARADILIR - FOTO

Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə “ağıllı bağ” yaradılır. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edəcək. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu yeni layihənin icrasına başlayıb. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılacaq və kompüter idarəetməsi tətbiq olunacaq.

Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becəriləcək. Artıq tinglərin əkin prosesinə başlanılıb.

Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılır. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışacaq. Gələcəkdə bu təcrübədən ölkəmizin çətin relyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.

“Ağıllı bağ”da Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq.

Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda çalışanların sayı isə minimuma düşəcək. Bağ salındıqdan sonra cəmi 3 nəfər - su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edəcək.

“Ağıllı bağ”da mərkəzi xəbərdarlıq sistemi də qurulub. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürüləcək. Bundan başqa sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.

Daha bir yenilik isə ondan ibarətdir ki, “ağıllı bağ”da alma sortlarından ən populyarı “Qızıl Əhmədi”nin və institut tərəfindən yaradılan yeni “Sədəf” sortunun superintensiv qaydada yetişdirilməsi sınaqdan keçiriləcək.

“Ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması yanvar ayının sonuna kimi başa çatdırılacaq. /Apa