Mehriban Əliyeva:
    • 31-12-2019, 01:00
    • 1 056

Mehriban Əliyeva: "Əziz uşaqlar, atılan bütün addımlar sizin xoşbəxt gələcəyiniz naminədir"

Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edib.
News24.az xəbər verir ki, ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki:
"Bir çox sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində ölkəmiz yeni nailiyyətlər, yeni qələbələr əldə edir. Əziz uşaqlar, bu gün görülən bütün işlər, atılan bütün addımlar sizin xoşbəxt sabahınız, xoşbəxt gələcəyiniz naminədir.
Yeni il, eyni zamanda, yeni arzular, yeni hədəflər, yeni imkanlardır. Mən arzulayıram ki, sizin hər birinizin ürəyində olan ən müqəddəs arzularınız gerçəkləşsin. Əminəm ki, ölkəmizi yeni qələbələr və yeni nailiyyətlər gözləyir. Bu bayram günündə mən bizim bütün müəllimlərimizə əvəzolunmaz əməklərinə görə, bizim gənc nəslə, bizim uşaqlara göstərdikləri diqqətə görə öz dərin minnətdarlığımı bildirirəm. Artıq 15 ildir ki, Heydər Əliyev Fondunun kollektivi ilə bir yerdə bu bayram ab-havasını yaratmağa kömək edən, iştirak edən, uşaqları şənləndirən bizim hörmətli sənət adamlarımıza mən öz dərin minnətdarlığımı bildirirəm.
Əziz dostlar, bir daha hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Ölkəmizə sülh, əmin-amanlıq arzulayıram. Qoy, Tanrı Azərbaycanı və Azərbaycan xalqını daim qorusun. Təbrik edirəm".