Qarabağ danışıqları barədə hesabat- XIN
    • 3-01-2020, 16:15
    • 718

Qarabağ danışıqları barədə hesabat- XIN

Ötən 2019-cu il diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib.


News24.az xəbər verir ki, bu barədə 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı mətbuat buraxılışında bildirilib.
Qedy edilib ki, həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb:

“Sıralarında 120 üzv ölkəni birləşdirən və BMT-dən sonra ən böyük siyasi platforma təşkil edən Qoşulmama Hərəkatının cari ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilmiş Zirvə görüşünün yekun sənədində dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayıb və heç bir üzv dövlətin Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaqlarını təsdiq edib.

23-24 may tarixlərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət başçılarının 14-cü Zirvə görüşündə qəbul edilmiş Yekun Kommunikedə Ermənistanın təcavüzü nəticəsində Azərbaycan Respublikası ərazilərinin işğalı qətiyyətlə pislənilib və işğalın davam etdirilməsinə dolayı yolla belə yardım edəcək hər hansı bir fəaliyyətin qarşısının alınması üçün üzv dövlətlərə çağırış əks olunub. İƏT-in Xarici İşlər Nazirləri Şurasının 1-2 mart tarixlərində keçirilmiş 46-cı sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması”, “Xocalı qırğınının qurbanları ilə həmrəylik”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” adlı qətnamələr qəbul edilib.

17 may tarixində keçirilmiş Avropa Şurasının (AŞ) Xarici İşlər Nazirləri Şurasının 129-cu sessiyasının sənədlərində üzv dövlətlərin hüquq və öhdəlikləri barədə çıxarılan qərarda üzv dövlətlərin ərazi bütövlüyünə hörməti təsdiq edən müddəa öz əksini tapıb.
15 oktyabr tarixində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 7-ci Zirvə görüşünün Yekun Bəyannaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinə dair qətiyyətli dəstək öz əksini tapıb”.

Bildirilir ki, 2019-cu il ərzində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə aparılan müzakirələr çərçivəsində 21 fevral, 30 may və 17 oktyabr tarixlərində Bakıda ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib:
“22 yanvar tarixində Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin Ermənistanın Baş naziri ilə görüşü baş tutub. 29 mart tarixində isə Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş keçirilib.

Keçən il Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin iştirakı ilə 16 yanvar tarixində Parisdə, 15 aprel tarixində Moskvada, 20 iyun tarixində Vaşinqtonda, 23 sentyabr tarixində Nyu-Yorkda və 4 dekabr tarixində Bratislavada olmaqla, ümumilikdə beş görüş keçirilib”.