"Allahın köməkliyi ilə sağlığına qovuşacaq" - RUHİ ƏLİYEVA YANMIŞ UŞAĞA YARDIM EDƏCƏK
    • 10-01-2020, 18:50
    • 1 346

"Allahın köməkliyi ilə sağlığına qovuşacaq" - RUHİ ƏLİYEVA YANMIŞ UŞAĞA YARDIM EDƏCƏK

Yüzlərlə insana yardım edən tanınmış iş xanımı Ruhi Əliyeva daha bir xeyirxah işə qol qoyub.

News24.az-ın məlumatına görə, bu dəfə o, Tovuz rayonundan olan azyaşlı Kamilin müalicəsini öz üzərinə götürüb.

Qeyd edək ki, balaça Kamil oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub.  Azyaşlıya Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Müayinə zamanı məlum olub ki, 12 yaşlı Kamilin bədəninin 50 faizi yanıb. 

Çarəsiz qalan azyaşlının anası övladına yardım üçün Xəzər Televiziyasında yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib. Proqramda ananın yardım çağırışını eşidən Ruhi Əliyeva onun səsinə səs verib. Balaca Kamilin müalicəsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. İş xanımı azyaşlıya yardımı ilə bağlı məlumatın ictimailəşməsini istəməsə də, proqramın aparıcısı Xoşqədəm Hidayətqızı israrla Ruhi Əliyevadan canlı efirə bağlanaraq bu xəbəri anaya özünün söyləməsini və bunu hər kəsin bilməsini istədiyini deyib: "Yüzlərlə insanın səhhətinə qovuşmasına yardım edən, neçə-neçə sosial layihələr həyata keçirən bir xeyirxah insanın, xanımın adını hər kəsin bilməsini istəyirəm. Düzdür, o, gördüyü bu gözəl əməllərinin işıqlanmasını sevmir. Amma mən istəyirəm ki, hamı onun yardımsevərliyindən, xeyirxahlığından xəbərdar olsun".

X.Hidayətqızının bu fikirlərindən sonra Ruhi Əliyeva canlı proqrama bağlanıb və Kamilin sağalıb ayağa qalxması üçün yardımçı olacağını deyib:  "Balaca balamız üçün nə lazımdırsa, yardım edəcəm. Allahın köməkliyi ilə o, sağlığına qovuşacaq".
 
Sevda Bayramova