“Qusarda uşağın ölümünə səbəb olan transformator “Azərişığ”ın balansında deyil”- Tanrıverdi Mustafayev
    • 4-02-2020, 17:20
    • 1 294

“Qusarda uşağın ölümünə səbəb olan transformator “Azərişığ”ın balansında deyil”- Tanrıverdi Mustafayev

Son vaxtlar transformatorun elektrik cərəyanı vurması üzündən ölən, xəsarət alanlar haqda müxtəlif məlumatlar alırıq. 

Xatırladaq ki, Qusarda bu il fevralın 1-də itkin düşmüş 2006-cı il təvəllüdlü Əmrahov Əmrah Nurulla oğlunun meyiti dünən saat 15:30 radələrində yaşadığı kəndin yaxınlığında yerləşən transformatordan tapılıb. Araşdırmalar zamanı məlum olub ki, Əmrah Əmrahov həmin transformatora daxil olub, elektrik enerjisi vurması nəticəsində dünyasını dəyişib. 

Daha bir hadisə isə bu il Tovuz rayonu Bozalqanlı kəndində baş verib. Kənd sakini – 2007-ci il təvəllüdlü Əhmədov Kamil Telman oğlu oxuduğu Bozalqanlı kənd orta məktəbinin yaxınlığındakı transformatorun yerləşdiyi daş tikiliyə daxil olub və orada onu elektrik cərəyanı vurub. K.Əhmədovun bədəninin 50 faizdən artığı yanıb.

Bəs, görəsən, bu transformatorlar nədən ölüm və xəsarətlər yaranmasına səbəb olur? Yaxud onlara nəzarət hansı qurumun səlahiyyətindədir?

Bu sualla “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət etdik. 

T.Mustafayev News24.az-a açıqlamasında bildirib ki, Qusarda 14 yaşlı uşağın öldüyü transformator “Azərişığ"ın balansında deyil.

Onun sözlərinə görə, Azərbaycandakı bütün transformatorlar “Azərişığ”ın balansında deyil, bir hissəsi sahibkarların nəzarətindədir:"Qusarda olan həmin ərazi də özəl bağ sahəsidir. Biz 5 ildir yaranmışıq, bizdən əvvəl də olub bunlar. Bütün ölkə boyu balansımızda olan transformatorların  hamısı dəyişdirilib, yenilənib, kənarları hasara alınıb. Amma digərləri özəl olduğuna görə, müdaxilə edə bilmirik. Amma nəzarət edirik, xəbərdarlıq edirik. Məktəblərdə müəllimlərə, valideynlərə tapşırırıq ki, uşaqları maarifləndirsinlər. Eyni zamanda, təhlükə olan ərazilərdə xəbərdarlıqla bağlı işarələrimiz də var”. 

T.Mustafayev insanları məsuliyyətli olmağa çağırdı: “Təəssüflər olsun ki, bir də baxırsan elektrik xəttinin altında ev tikirlər. Biz mütəmadi olaraq deyirik, insanlar elektrik xətti çəkəndə də, transformator quraşdıranda da müraciət etməlidirlər. İndi bunların hamısını “ASAN” Xidmət həyata keçirir. Müraciət etsinlər, “ASAN” Xidmətdən texniki şərt alsınlar, biz də aparıb quraşdıraq və bütün təhlükəsizlik tədbirləri də təmin olunsun.   

Afaq Mirayiq