Cammu və Kəşmirdəki vəziyyətlə bağlı YENİLİKLƏR
    • 21-01-2020, 17:38
    • 739

Cammu və Kəşmirdəki vəziyyətlə bağlı YENİLİKLƏR

Cammu və Kəşmirdə baş verən son hadisələri şərh edən Hindistan Səfirliyinin mənbələri qeyd edib ki, hakimiyyət orqanları vəziyyətin normallaşdırılması və sosial-iqtisadi inkişafın artırılması istiqamətində İttifaqın ərazisində müxtəlif tədbirlər görür.

News24.az xəbər verir ki, səfirliyin rəsmisi qeyd edib ki, elektrik, su təchizatı, səhiyyə və kanalizasiya kimi zəruri təchizat və xidmətlər tam bərpa olunub. Lazımi əşyalar, qida məhsulları və uşaq qidaları ehtiyatı kifayət qədər çoxdur. Xəstəxanalar və tibb müəssisələri normal fəaliyyət göstərir və dərman çatışmazlığı yoxdur. Cammu və Kəşmirdəki bütün məktəb və kolleclər açılıb və normal fəaliyyət göstərir. Telefon və mobil telefon xidmətləri bərpa edilib və mətbuat və jurnalistlər üçün heç bir məhdudiyyət yoxdur. İttifaqın ərazisində fəaliyyət göstərən 12 rayonda internet qurğusu yenidən bərpa edilmişdir.

Srinagar və Cammu şəhərlərindəki hava xidməti fəaliyyət göstərir. Cammu və Kəşmirdən keçən dəmiryol xidməti də həmçinin fəaliyyətinə davam edir. Bununla yanaşı, onu da qeyd etmək olar ki,  Cammu və Kəşmirdə nəqliyyat vasitələrinin hərəkəti normaldır. Turistlərin Cammu və Kəşmiri ziyarət etməmələri ilə bağlı tövsiyələr aradan qaldırılıb. Normal vəziyyətin bərpası və demokratiyanın dərinləşməsi üçün 24 oktyabr 2019-cu ildə Yerli Hökümət seçkilərinin ikinci mərhələsi keçirilib.

2019-cu ilin avqust ayından bəri Cammu və Kəşmirdə böyük bir zorakılıq hadisəsi baş verməyib. Heç bir canlıya qarşı odlu silahlardan atəş açılmayıb və polislər tərəfindən görülən tədbirlərdə həyat itkisi yaşanmayıb.  Hindistan Hökuməti 9 yanvar 2020-ci il tarixində Cammu və Kəşmirə 15 ölkədən gələn nümayəndələrin səfərini təşkil edib. Bundan əvvəl Avropa İttifaqından olan parlament üzvləri 2019-cu ilin oktyabrında bölgəyə səfər ediblər.

Hökumət, həmçinin alma əkini ilə məşğul olan 700.000 fermerin məhsullarının ixrac edilməsini asanlaşdırmaq üçün konkret addımlar atdı və bazar qiymətlərinin səviyyəsinin qorunması istiqamətində dəstək məqsədilə dövlətin bazara müdaxiləsi üzrə xüsusi qiymət proqramı başladıb. Bununla yanaşı, gənclər üçün 50.000-dən çox vakansiya yeri müəyyənləşdirilib və Cammu və Kəşmirdə 11 hava limanı inkişaf mərhələsindədir.

Hindistan Konstitusiyasının Cammu və Kəşmirin xüsusi statusu ilə əlaqəli 370-cı maddəsinin ləğv edilməsindən sonra, 2019-cu ilin avqust ayında Cammu və Kəşmirdə yenidən qurulma ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib. Dəyişikliklərdən sonra qanun və nizamın pozulması ilə bağlı hər hansı bir halın olmamasını təmin etmək üçün bu məhdudiyyətlər tətbiq edilib. 370-cı maddənin ləğvi sırf Hindistanın daxili işi idi və Hindistan Parlamenti tərəfindən qəbul edilən mütərəqqi qanunların faydalarının Cammu və Kəşmirdə yaşayan insanlara çatmasını təmin etmək məqsədi daşıyıb.