-
- 27-01-2020, 12:00
- 809
Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
“Koronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.
Onun sözlərinə görə, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müammalıdır: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.
Baş infeksionistin sözlərinə görə, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı çalınmalıdır: “Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.
Mütəxəssis vurğulayıb ki, virusdan ölüm faizi 2,8-3 faizdir: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.
C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”. /Report/