Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi
    • 28-01-2020, 19:31
    • 835

Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi

Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən Çində ötən ilin sonunda yeni aşkarlanmış Koronovirus 2019-nCoV virusuna qarşı ölkəmizdə də qabaqlayıcı tədbirlər görülür. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən News24.az-a verilən məlumata görə, dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada da müntəzəm sanitariya-epidemioloji tədbirlər  aparılır. 

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən Tədbirlər Proqramı hazırlanıb.
 
Tədbirlər Proqramına əsasən, sərnişin qatarlarında, uşaq-yeniyetmə, tədris və tibb müəssisələrində, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisində yerləşən bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır.

Ölkədaxili və beynəlxalq hərəkət edən qatarlarda lazımi tədbirlər görülür. Həmçinin sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimə keçib. Sərnişin qatarlarında çalışan briqadalar arasında təlimatlar aparılır. Onlar hər hansı bir xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslə qarşılaşdıqda necə davranacaqları ilə bağlı maarifləndirilirlər. Yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyena qaydalarının gözlənilməsinin vacibliyi barədə sərnişinlər və dəmiryolçular məlumatlandırılıb. Qatar heyətlərinin tibbi-sanitar biliklərinin artırılması istiqamətində işlər gücləndirilib.
Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs  aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. 
Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlərin ümumi gigiyena qaydaları barədə məlumatlandırılmasına başlanılacaq.