"O "blinçik" üçün mətbəxi dağıtmağına dəyərdi"- HƏMİDƏ ÖMƏROVA
    • 6-02-2020, 16:08
    • 1 880

"O "blinçik" üçün mətbəxi dağıtmağına dəyərdi"- HƏMİDƏ ÖMƏROVA

"İnanın ki, vaxtımın çoxunu "Ata ocağı" serialına ayırmışam. Çəkilişlər intensiv və sürətlə gedir. Artıq üçüncü mövsümdür ki, bu ekran işi Xəzər TV-də yayımlanır. Serialımızı izləyən yaşlı nəsil məni Həmidə Ömərova kimi tanıyırlar. Amma istər gənclər, istərsə də uşaqlar məni görən kimi "Şəfiqə xala", "Şəfiqə nənə getdi" deyirlər".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib. O, bəzi həmkarlarının reklamlara çəkilməkləri ilə bağlı danışıb: "İndiyə qədər heç bir reklama çəkilməmişəm. Amma bu yaxınlarda həmkarım Nürəddin Mehdixanlı ilə bir klipdə rol aldım. Əgər, qonorarı fikirləşsəydim, çoxdan reklam təkliflərini dəyərləndirib çəkilərdim. Bu barədə heç fikirləşməmişəm. Bir müddət öncə tibblə bağlı bir reklam təklifi gəlmişdi. Amma zaman məhdudluğundan təklifi qəbul etmədim. Düzdür, qonorar hamımız üçün çox önəmlidir. Yalandan deyə bilmərəm ki, pul mənim üçün önəmli deyil. Ən yüksək qonorar təklif edilsə də, özümə yaraşdırmadığım bir şeyi reklam etmərəm. Bu cür reklamlara nə çəkilərəm, nə də ki təklif edilən məhsulu reklam edərəm. Bilirik ki, dünya miqyaslı və şöhrətli aktyorlar və simalar reklamlara çəkilib, külli miqdarda pul qazanırlar. Amma mən bu məsələdə çox həssasam".

Xalq artisti aktyorların az qonorar almasına münasibət bildirib:
"Hər bir sənətkar özünə, sənətinə dəyərini və qiymətini bilməlidir. Bəlkə də aktyor maddi imkanı yaxşı olmadığına görə, reklama çəkilir. Məsələni dərindən bilməyib, araşdırmayıb "ucuz qiymətə film və seriala çəkilir" deyib onu gözümçıxdıya salmaq olmaz. Çəkildiyim serial və filmlərdən maaş yox, qonorar alıram. Əlavə nə çəkilişlər olursa, qonorarımı alır, vergimi də ödəyirəm". 

H. Ömərova sənətçilərin plastik əməliyyat etdirmələrindən söz açıb: "Plastik əməliyyatların əsla əleyhinə deyiləm. Əksinə, leyhinəyəm. Çox sevdiyim Fransa kinosunun ulduzu, aktrisa Katrin Denyov bu zamana kimi 80-dən çox əməliyyat keçirib. O, bunu tamaşaçıların gözündə hər zaman gözəl, cavan və təravətli görmək üçün edib. Düzdür, Katrin yaşlanıb, amma üzündəki o gözəllik və nur hələ də qalıb. Özümə qəldikdə isə hesab edirəm ki, plastik əməliyyata ehtiyacım yoxdur. Açığı deyim ki, plastik əməliyyatlardan çox qorxuram. Bir də ki, Allah məni gözəl yaradıb. Əgər mənə hər hansı kosmetik prosedurlar lazım olursa, onları peşəkar kosmetoloqun yanına gedərək mütləq şəkildə edirəm. Fikirləşirəm ki, yaşlı qadınam. İndi nənə yaşındayam, nəvələrim olacaq. İstəyirəm ki, öz yaşımda olan obrazları yaradım. Gənclik obrazlarını onsuz da illər öncə yaratmışam və onlar yaddaşlarda həkk olunub. İndi öz yaşımda olan "nənə" obrazını canlandırmaq istəyirəm".

Xalq artisti söhbət əsnasında oğlundan da bəhs edib: "Tezliklə onun evlənməyini istəyirəm. Çünki beş günlük dünyada yaşayırıq. Nə vaxt bu məsələni açıram həmişə deyir ki, "hələ tezdir". Bilirsiniz də, oğlum bu yaxınlarda mənə "blinçik" hazırlamışdı. Qiyməti isə 200 manatdır. Dadı o qədər gözəl idi ki, inanın, onun üçün mətbəxi yaman günə qoymağına dəyərdir. Əl işini sosial şəbəkədə paylaşdığıma görə oğlum daha mətbəxə keçmir (gülür).

Sevda Bayramova
VİDEO: Fərid Şabanov