-
- 6-02-2020, 20:00
- 1 413
Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayı keçirildi
Fevralın 6-da "Azərkitab-Kitab Mərkəzi"ndə Türkiyədə yaşayan Azərbaycan türklərinin II qurultayına həsr olunmuş mətbuat konfransı keçirilib.
News24.az xəbər verir ki, tədbir Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) tərəfindən təşkil edilib.
ÇAKD sədr müavini Murtaza Karaçanta çıxış edərək dərnəyin yaranması və məqsədi haqqında məlumat verib. Onun sözlərinə görə, dərnək Türkiyədə yaşayan Azərbaycan türklərinin mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır:
"Çağdaş Azərbaycan Kültür Dərnəyi 2019-cu ildə Türkiyənin İzmir şəhərində yaranıb. Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 20 Yanvarla bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm".
M.Karaçanta 2020-ci il 21 oktyabr - 1 noyabr tarixlərində İzmirdə Türkiyədə yaşayan Azərbaycan türklərinin ikinci qurultayının keçiriləcəyini də diqqətə çatdırıb: "Bununla bağlı artıq Diasporla İş üzrə Dövlət Komitəsi ilə görüş keçirilib. Komitədən bizə dəstək veriləcəyi bildirilib".
ÇAKD sədri Camal Məhmətxanoğlu isə Bakı ilə İzmirin 1985-ci ildə qardaşlaşmış şəhərlər elan edildiklərini vurğulayıb: "Bu il bu qardaşlığın 35 ili tamam olur. Bununla əlaqədar 28 may - 5 iyun tarixlərində İzmirdə "Azərbaycan mədəniyyət günləri" keçiriləcək. Biz daha sonra İzmirlə Təbrizib də qardaşlaşmış şəhərlər elan edilməsinə çalışacağıq".
C.Məhmətxanoğlu Türkiyədə yaşayan Azərbaycan türklərinin I qurultayının 9 il əvvəl keçirildiyini xatırladıb: "Həmin qurultaya 400-dən çox qonaq qatılmışdı. İkinci qurultayın keçirilməsində məqsədimiz Türkiyədə yaşayan iş, elm və mədəniyyət adamlarını birləşdirən təşkilatlar yaratmaqdır".
Sonra Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, təhqiqatçı, alim Qafar Çaxmaqlı və digər qonaqlar çıxış ediblər.