Bakı polisi memarın iddialarına CAVAB VERDİ
    • 7-02-2020, 14:50
    • 585

Bakı polisi memarın iddialarına CAVAB VERDİ

“Memar Elçin Əliyevin polis tərəfindən nəzakətsiz rəftara məruz qalması ilə bağlı tirajladığı fikirlər onun subyektiv yanaşmasıdır”.

Bu barədə News24.az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xidmət rəisi qeyd edib ki, onun polis bölməsinə aparılması Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən, Qurban Abbasovun adını daşıyan küçədə yerləşən binalardan birinin sakinlərinin müraciəti əsasında olub: "Qeyd olunan ünvanda çəkilişlərin aparılması sakinlərinin narazılığına səbəb olub və heç bir rəsmi qurumun təmsilçisi kimi özünü təqdim etməyən Elçin Əliyevlə mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları sakinləri sakitləşdirərək, şikayətçi olduqları şəxslə bağlı müvafiq araşdırmaların aparılması üçün Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə təhvil verilib.

Qanunverciliyə uyğun olaraq, onun şəxsiyyəti müəyyən olunub, sakinlərin narazılığına səbəb olan hallarla bağlı onunla profilaktiki söhbətlər aparılmaqla sərbəst buraxılıb. Elçin Əliyev şikayətə rəvac verən əməlinin heç bir qanunu əsas olmadığını bildirib. Bölmədə onunla hərhansı nəzakətsiz rəftar, yaxud fiziki təzyiq faktı baş verməyib.

Hər bir vətəndaş nəzərə almalıdır ki, hüquq həm də polis tərəfindən mühafizə olunan, hamı üçün məcburi normalar sistemidir. Hər bir vətəndaşın qanun çərçivəsində polisə müraciət etmək hüququ var. Həmin hüquqlar üzrə mübahisə doğuran, vətəndaşları narahat edən hallar tərəfimizdən tam və hərtərəfli araşdırılır, qanunverciliyə uyğun müvafiq tədbir görülür".