Azərbaycan xalqı millət vəkilini SEÇİR- REPORTAJ
    • 9-02-2020, 18:34
    • 664

Azərbaycan xalqı millət vəkilini SEÇİR- REPORTAJ

Məlum olduğu kimi, bu gün ölkəmizdə növbəti dəfə - parlament seçkiləri keçirilir. VI çağırış Milli Məclisə seçkilər ölkənin hər yerində seçici fəallığı yüksək olub.

News24.az xəbər verir ki, seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Havanın soyuq keçməsinə baxmayaraq, seçici aktivliyi müşahidə olunub. Yaşından asılı olmayaraq, hər kəs bir nəfər kimi namizədinə səs verməyə gəlib. Onlardan biri də ən yaşlı müsahibimiz olan Aydın Vəliyevdir.

Qeyd edək ki, Aydın əmi 1937-ci ildə Ermənistanın Qafan rayonunda anadan olub. Müsahibimiz səhhətinin ağırlığına və yaşının çox olmasına baxmayaraq, hər dəfə seçkilərdə iştirak etdiyini deyir. “Seçkidə iştirak etmək bizim vətəndaşlıq borcumuzdur” deyən A.Vəliyev hər kəsi səsvermədə aktiv olmağa çağırıb.

Daha bir müsahibimiz isə öz övladları ilə səsverməyə gələn Əliyevlər ailəsidir. Aslan Əliyev bildirib ki, seçkinin gedişatını övladlarına göstərmək və onları gələcəkdə ölkə üçün vacib sayılan seçkilərdə iştiraka  təşviq etmək üçün seçki məntəqəsinə gətirib.



O bildirib ki, balacaların özləri də buna böyük həvəslə yanaşıblar: 

“Övladlarım dünən gecədən bəri böyük həvəslə seçki gününü gözləyirlər. Soyuq hava belə onların bu həvəsini qıra bilmədi. Hətta bu həyəcanı yaşamaları üçün məntəqənin nümayəndələri onların da barmaqlarına şəffaf mürəkkəbdən vurdu”.


Həmçinin seçki məntəqələrində “Exit Poll” təşkil edilib. Seçicilərin fəallığının yüksək olduğu, sorğuda həvəslə iştirak etdikləri gözdən qaçmayıb.

Seçkini müşahidə edən siyasi partiyaların nümayəndələri də prosesin gedişindən razılıqlarını ifadə ediblər. Məsələn, Böyük Qurtuluş Partiyasından müşahidəçi qismində seçkini izləyən Mahizə Şirinova, o cümlədən  Müsavat Partiyasının nümayəndəsi Nizami Süleymanov seçki prosesinin azad və ədalətli şəkildə keçirildiyini, qanun pozuntusuna rast gəlmədiklərini deyiblər.

Vurğulamaq yerinə düşər ki, seçki məntəqələrində seçicilərin rahat şəraitdə səs vermələri, müşahidəçilərin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Gün ərzində məntəqədə müşahidə aparan xarici müşahidəçilər də səsvermənin normal getdiyinin, heç bir qanun pozuntusunun baş vermədiyinin şahidi olublar. Məsələn, səsvermə prosesini izləyən qırğızıstanlı müşahidəçilər Umertalaev Arslanbek və Shaldobexova Nurrhana  açıqlamalarında deyiblər ki, parlament seçkiləri sakit və demokratik şəraitdə keçir. Onların sözlərinə görə, çox vacib amil odur ki, insanlar seçkilərə böyük əhval-ruhiyyə ilə gəlirlər. O, da qeyd olunub ki, xarici ölkələrdən müşahidəçilərin dəvət edilməsi onu göstərir ki, Azərbaycanda parlament seçkiləri açıq və sərbəst keçirilir.

Həmçinin Rusiyanın mətbu orqanları olan "Moskovskiy Komsomolech"dan Darya Zelenskaya və "Kommersant" ın nümayəndələri Kirill Krivoşeva da müşahidəçilər sırasında öz yerlərini alıblar.

Bir sözlə, həm seçicilər, həm də beynəlxalq müşahidəçilər seçkilərin azad və demokratik şəraitdə keçdiyini qeyd ediblər.

Müşfiqə