Mətbuat Şurasının “qaynar xətt”inə seçkilərlə bağlı 4 müraciət DAXİL OLUB
    • 9-02-2020, 22:22
    • 967

Mətbuat Şurasının “qaynar xətt”inə seçkilərlə bağlı 4 müraciət DAXİL OLUB

Saat 08.00-dan səsvermənin bitdiyi 19.00-dək növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub

Şuradan News24.az-a verilən məlumata görə, müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri bu gün saat 08.00-dan 19.00-dək “qaynar xətt” rejimində fəaliyyət göstərib. Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.

Ümumən jurnalistlərin seçkini işıqlandırmaları sahəsindəki vəziyyət onların peşə fəaliyyətlərini həyata keçirmələri üçün qənaətbəxş şəraitin olduğunu söyləməyə əsas verir. Bunu sosial şəbəkələrdə və internet saytlarda yayımlanmış video-görüntülərin çoxluğu sübut edir. Lakin onu da bildirmək lazımdır ki, bəzi seçki məntəqələrində jurnalistləri çəkiliş aparmağa imkan verməmək halları özünü göstərib. Mövcud xüsusda media təmsilçiləri ilə gərəksiz mübahisələr, onların işinə yersiz müdaxilələr qeydə alınıb. Çox zaman, bu, məntəqə rəhbərliyindəki şəxslərin media ilə münasibəti düzgün qurmaq sahəsində yetərincə səriştəyə malik olmamasından irəli gəlib. Mətbuat Şurasının müşahidələri eyni zamanda onu da müəyyənləşdirib ki, bəzi hallarda jurnalistlər də üzərilərinə düşən missiyanı düzgün yerinə yetirməyiblər. Belə ki, onların qanunsuz kimi qiymətləndirdikləri vəziyyətlərə müdaxilə, mübahisə, jurnalist etikasından kənar münasibət, çağırış halları qeydə alınıb. Halbuki həmin durumlarda jurnalistin vəzifəsi vəziyyəti işıqlandırmaq, konkret sual verib cavab almaq idi.

MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin monitorinqini də aparıb. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı dairələrin ayrı-ayrı məntəqələrində olublar, prosesi bilavasitə izləyiblər. Belə ki, MŞ sədri Əflatun Amaşov 22 saylı Nəsimi ikinci, MŞ sədrinin müavinləri – Umud Mirzəyev və Müşfiq Ələsgərli müvafiq olaraq 8 saylı Binəqədi birinci və 30 saylı Suraxanı birinci seçki dairələrindəki, Şuranın İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 17 saylı Yasamal üçüncü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 29 saylı Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 11 saylı Qaradağ, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 12 saylı Qaradağ-Binəqədi-Yasamal, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl 60 saylı Salyan-Neftçala, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə jurnalistlərə yaradılmış şəratin monitorinqini aparıblar. Onlar prosesi işıqlandıran KİV təmsilçilərinə fəaliyyətlərinə heç bir maneə qeydə almayıblar.