Həmkəndlisinin evindən qızıl oğurlayanlar ƏLƏ KEÇDİ
    • 28-02-2020, 10:47
    • 863

Həmkəndlisinin evindən qızıl oğurlayanlar ƏLƏ KEÇDİ

İsmayıllı rayonunun İvanovka kənd sakini bir qadın  DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları , pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, müraciət aidiyyatı üzrə İsmayıllı RPŞ-yə yönləndirilib. Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb.

Onlar  törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.