Müəllim və valideynlərə müraciət edildi - VİDEO
    • 2-03-2020, 14:20
    • 686

Müəllim və valideynlərə müraciət edildi - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəllim və valideynlərə videomüraciət edib.

News24.az- ın məlumatına görə, Dövlət Komitəsinin baş məsləhətçisi Məftunə İsmayılova videomüraciətdə bildirib ki, hər bir uşağın münbit mühitdə böyümə hüququ var: 

"Bu mühiti onlar üçün biz böyüklər yaratmalıyıq. Uşağa göstərilən qayğının içərisində ən əsas yeri ona ayırılan məhəbbət və diqqət tutur. Uşaqların asudə vaxtının səmərəli təşkili, onlarla düzgün ünsiyyətə girmə valideyn bacarıqlarının ən əsas xüsusiyyətlərindən biridir. Bu gün sosial şəbəkələrdə uşaqları zərərli fiziki vərdişlərə, bullinqə sövq edən bəzi videomaretiallar paylaşılır. Onlar uşaqlarını bir-birinə zədə törətməyə, bullinqə sövq etməyə yönəldir. Çox təəssüf ki, bu materiallar böyüklər tərəfindən paylaşılır. Tənqid olunaraq paylaşılsa belə bu informasiyalar daha çox uşağın görməsinə şərait yaradır. Çalışaq ki, uşaqların inkişafına, psixoloji vəziyyətinə mənfi təsir göstərən materiallardan onları uzaq tutaq. Yeni qəbul edilmiş “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanun da bunu özündə əks etdirir". 

Dövlət Komitəsinin rəsmisi deyib ki, bu gün uşaqlar çox materialları internet resurslarından əldə edirlər: "Təəssüf ki, əldə edilən materiallardan bəziləri onların inkişafına zərərli təsir göstərir. Valideynlərə tövsiyə edərdik ki, uşaqlarının internet resurslarından istifadə etmələrinə nərazət etsinlər. Onlarla vaxt keçirsinlər, hər hansı bir materialı əldə etməkdə onlara yardım və prosesdə iştirak etsinlər. Son zamanlar uşaqları müxtəlif ziyanlı fəaliyyətlərə sövq edən videomateriallar sosial şəbəkələrdə və qruplarda yayılır. Tirajlanma daha çox uşağın videoları görməsinə və bu hərəkətləri təkrarlamasına səbəb olur. Müəllimlərdən, valideynlərdən və uşaqlardan xahiş edirik ki, belə videoların təsirinə düşməsinlər, aludə olmasınlar. Unutmaq olmaz ki, edilən hər bir hərəkət və paylaşılan hər bir video digər insanları da buna sövq edir. Biz daim çalışmalıyıq ki, hərəkətlərimiz və paylaşdığımız məlumatlar ancaq müsbət fəaliyyətlərə yol açsın".