Daşkəsəndə qumbara və partladıcı TAPILDI
    • 5-03-2020, 17:30
    • 1 011

Daşkəsəndə qumbara və partladıcı TAPILDI

Martın 5-i saat 12:43-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Daşkəsən rayonu, mərkəzi stadionun yaxınlığında yerləşən məişət tullantıları ərazisində 3 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daşkəsən RPŞ-nin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunan əraziyə baxış keçirilib. 
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaraları və partladıcıların ətrafında 150 kv.m əraziyə yerüstü, 80 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.