Azərbaycandakı Türkiyə vətəndaşlarına MÜRACİƏT EDİLDİ
    • 10-03-2020, 13:14
    • 768

Azərbaycandakı Türkiyə vətəndaşlarına MÜRACİƏT EDİLDİ

Türkiyənin Azərbaycandakı səfirliyi “Twitter”dəki səhifəsində koronavirusla bağlı açıqlama yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət səfirlik və baş konsulluq tərəfindən yaxından müşahidə edilir: "Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki bütün təhsil ocaqlarında dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə tətilin müddətinin martın 10-dan 20-dək uzadıldığı, martın 20-26-nin Novruz bayramı ilə əlaqədar rəsmi tətil olduğuna görə təhsil ocaqlarında dərslərin faktiki martın 27-də başlayacağını açıqlayıb".

"Azərbaycanda olan vətəndaşlarımızın bu mərhələdə Türkiyə və Azərbaycan Səhiyyə nazirliklərinin internet saytlarında koronavirusla əlaqədar verilən məlumatlara diqqətlə riayət etmələri məsləhətdir. Məsələ ilə əlaqədar səfirlik Azərbaycan qurumlarıyla təmasdadır. Koronavirusun Azərbaycandakı miqyasındakı dəyişikliklərə görə əlavə tədbirlərin görüləcəyi halda vətəndaşlarımız təcili olaraq məlumatlandırılacaqlar. Mövcud vəziyyət vətəndaşlarımıza hörmətlə elan edilir”, - açıqlamada vurğulanır.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 11 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 515-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. /Report/