ADA Universiteti və BP arasında MÜQAVİLƏ İMZALANDI
    • 12-03-2020, 13:10
    • 991

ADA Universiteti və BP arasında MÜQAVİLƏ İMZALANDI

Mart 12-də ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında kompüter elmləri üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının BP şirkəti tərəfindən qismən maliyyələşdirilməsi üzrə sazişin imzalanma mərasimi keçirilib. 

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, mərasimdə Təhsil naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayev, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer, BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons və digər qonaqlar iştirak ediblər.

İkili diplom proqramının ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi və həyata keçirilməsi planlaşdırılır. İkili diplom proqramı kompüter elmləri və verilənlərin təhlili üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Corc Vaşinqton Universitetinin tədris planı əsasında bu universitetin professorları tərəfindən həyata keçiriləcək proqramın məzunları kompüter elmləri və verilənlərin təhlili sahəsində bilik və bacarıqlara yiyələnəcəklər. Proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADA Universitetində magistratura səviyyəsinə qəbul aparılacaq. Magistratura səviyyəsində təhsilin 5 semestrinin 3-ü Bakıda, 2 semestri isə Vaşinqtonda təşkil ediləcək. Proqram üçün tələbələrin seçimi Corc Vaşinqton Universiteti tərəfindən həyata keçiriləcək. Sonda məzunlara həm ADA Universitetinin, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.

Sözügedən beynəlxalq ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə dövlət tərəfindən, qismən isə BP tərəfindən maliyyələşdiriləcək.