Firdovsi Əliyev həbs olunan nazirlik əməkdaşlarından danışdı
    • 14-03-2020, 22:58
    • 1 338

Firdovsi Əliyev həbs olunan nazirlik əməkdaşlarından danışdı

"Qəbələ və Oğuz rayonlarının meşə sahələrindən ağacların kəsilməsi çox üzücü bir faktdır. Meşələrə belə amansız münasibət göstərənlər öz layiqli cəzalarını alıblar".

News24.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Qəbələdə meşə gözətçilərinin həbs edilməsinə münasibət bildirərkən deyib.

Nazir müavini əlavə edib ki, 2019-cu ildə və 2020-ci ilin ötən dövrü ərzində ölkə üzrə meşə təsərrüfatı mərkəzlərində ağac kəsənlərlə əlbir olan və ya ağac kəsintisində iştirak edən onlarla meşə işçisi vəzifəsindən azad edilib və onların bu sahədə bir daha çalışa bilməməsi üçün əmək kitabçalarına Əmək Məcəlləsinin müvafiq maddələri üzrə qeydlər yazılıb. 2019-cu ildə cinayət tərkibi yaradan 265 iş, 2020-ci ildə isə 41 iş tərəfimizdən hüquq-mühafizə orqanlarına göndərilib:

"Qəbələ və Oğuz meşələrində ağac kəsintisi faktı daha geniş miqyas aldığından bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tədbir görüb. Meşə qıranların ciddi cəzalandırılması üçün ardıcıl mübarizə aparılır və bu tədbirlər bundan sonra da davam etdiriləcək. Lakin meşə sahələrinin bəlli bir darvazası yoxdur ki, onu bağlamaqla kənar müdaxilələrin qarşısını alasan. Meşələrimiz ümumxalq sərvəti olduğu üçün onun mühafizəsində yalnız müvafiq dövlət orqanları deyil, bütövlükdə cəmiyyət iştirak etməlidir və kimliyindən asılı olmayaraq ağac kəsən hər kəs ciddi şəkildə cəzalandırılmalıdır".