1500 şəhid ailəsi və müharibə əlilinə ev veriləcək
    • 16-03-2020, 20:08
    • 768

1500 şəhid ailəsi və müharibə əlilinə ev veriləcək

Ötən il şəhid ailələri və müharibə veteranlarına 934 mənzil və fərdi ev təqdim olundu. Onların 300-ü fərdi evlər, 634-ü mənzillər idi. Biz bu proqramla respublikanın 25 rayonunu əhatə etmişik. Sizin tapşırıqlarınıza uyğun olaraq bu proqram cari ildə daha da genişləndirilib - 1500 mənzili və fərdi evi əhatə edib.

News24.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən şəhid ailələri və müharibə veteranlarına təqdim olunan mənzillər barədə məlumat verərkən deyib.
Nazir həmin proqramın 52 rayonu əhatə etməklə 700 mənzili və 800 fərdi ev nəzərdə tutduğunu bildirib: “Artıq bütün inventarlaşma işləri yekunlaşdırılıb, müvafiq satınalmalar elan edilib. Bu il Gəncə istisna olmaqla, respublikanın əsas şəhərlərində növbədə olan bütün insanlar mənzil və evlə təmin ediləcəklər. Gəncədə 170 nəfər növbədədir, onların da 100 nəfərinə bu il evlər, mənzillər təqdim olunacaq. Fərdi evlər proqramı çərçivəsində 52 rayon üzrə 800 fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim olunacaq. Builki proqramın icrası nəticəsində 2014-cü ilə qədər növbəyə duran insanların sayı 1500-ə düşəcək”.