ANAMA daxil olan müraciəti ARAŞDIRDI
    • 19-03-2020, 15:15
    • 625

ANAMA daxil olan müraciəti ARAŞDIRDI

Mart-ın 18-i saat 18:45-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri, H.Hacıyev küçəsində həyətyanı əraziyə 1992-ci ildə mərminin düşməsi və torpağın altında qalması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az-a verilən məlumata görə, məlumatın havanın qaranlıq saatlarında daxil olmasını və ərazidə qazıntı işlərinin aparılmasının zəruriliyini nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları 2020-ci ilin 19 mart tarixində həmin əraziyə göndərilib və baxış keçirilib.

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən mərminin düşdüyü ehtimal olunan ümumilikdə 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, mərmi və onun qalıqlarına rast gəlinməyib.