Beyləqanda mərmi və raket AŞKARLANDI - FOTOLAR
    • 15-04-2020, 01:10
    • 890

Beyləqanda mərmi və raket AŞKARLANDI - FOTOLAR

2020-ci il 14 Aprel tarixində saat 16:57-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində Pambıq emalı zavodunun yaxınlığında 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan News24.az- a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 2 ədəd 125 mm-lik top mərmisi (3BM-125), 1 ədəd 122 mm-lik raket (9M22U) və 2 ədəd 125 mm-lik top mərmisinin gilizi aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərmilərin ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.