Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ
    • 19-03-2020, 15:27
    • 794

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını TƏBRİK ETDİ

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
İdarədən 
News24.az-a verilən məlumata görə, təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərim! Sizi xalqımızın qədim, mübarək Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm.

Novruz ulu tariximizdə özəl yeri və önəmi olan el bayramıdır. Yaşadığımız hər an, varlığımız üçün Uca Yaradana həmd-səna edən xalqımız Novruz bayramını Allahın böyük Lütfü kimi dəyərləndirir. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi olub, insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın Lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyini daha da artırır.
Allaha çox şükür
lər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə əzmimizi, torpaqlarımızın işğaldan azad olunacağına inamımızı daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi davamlı islahatlarda, xalqın maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasına yönəlik müdrik dövlət siyasətində görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Əlhəmdülillah, dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti, dinlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq ideyalarına sədaqəti sayəsində multikultural Azərbaycan bütün səmavi dinlərə sülh naminə birlik, həmrəylik çağırışları ilə dünyanın gündəmindədir. Elimizin əziz bayramlarından olan Novruz ərəfəsində yeni Parlamentimizin fəaliyyətə başlaması millətimiz, dövlətimiz üçün xeyirlərə vəsilə olsun!

Uca Yaradana məhəbbəti, yaratdıqlarına şükür-sənanı və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirən bu bayram günlərində Yer üzünün salamatlığı, ölkəmizin əmin-amanlığı, dünyada yayılan xəstəlik kabusunun və onun gətirdiyi iqtisadi çətinliklərin tezliklə aradan qalxması üçün dualar edir, xəstələrin şəfa tapmasını diləyirik. İnsan sağlamlığının qorunması Uca Allahın istəyidir və bununla bağlı hər birimizin üzərinə böyük məsuliyyət və vəzifələr düşür. Şükürlər olsun ki, dövlətimiz tərəfindən xəstəliyin aradan qaldırılması üçün bütün lazımı tədbirlər görülür, insanlarımız diqqət və qayğı ilə əhatə olunmuşlar. Ümidsizliyə qapılmaq, təxribatlara uymaq şeytan əməlidir. Dindarları, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı hökumətimizin tövsiyə və qərarlarına əməl etməyə, dualar edərək sabaha ümidlə baxmağa çağırırıq. İnanırıq ki, Allahın köməyi ilə, dövlət başçımızın rəhbərliyi ilə görülən tədbirlər öz müsbət nəticəsini verəcəkdir, inşallah! Allah-Təala bütün dua və ibadətlərimizi qəbul etsin, hər zaman yardımçımız olsun, xalqımıza salamatlıq və firavanlıq bəxş etsin!

Əziz həmvətənlərim! Novruz bayramı münasibətilə sizi bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allah-Təala bütün ülvi arzularımızın, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin!