Aygün Səmədzadənin Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş yeni əsərləri Türkiyədə təqdim olundu - VİDEO - FOTO
    • 17-09-2018, 15:48
    • 1 412

Aygün Səmədzadənin Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş yeni əsərləri Türkiyədə təqdim olundu - VİDEO - FOTO

Ankarada Türkiyənin “TRT Avaz” telekanalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş konsert proqramı yayımlanıb.

Proqram, həmçinin Azərbaycan İctimai Televiziyasında canlı yayımlanıb.

Konsert proqramı Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Prezident Simfonik Orkestrinin və Azərbaycanın xalq artisti Elnarə Kərimovanın rəhbərlik etdiyi TRT Dövlət Xorunun, azərbaycanlı və türkiyəli solistlərin müşayiəti ilə qardaş ölkələrin məşhur bəstəkarlarının əsərləri səsləndirilib: Üzeyir Hacıbəyovun “Korğlu” operasından uvertüra, “Çırpınırdı Qara Dəniz”,  Asəf Zeynallının “Muğam”, Vasif Adıgözəlovun “Çanakkale içinde”, “Ninni” və “Ana”, Emin Sabitoglunun “Şükriyyəm”,  Muammer Sunun “Sakarya Marşı” və “Karadeniz Marşı”, Aygün Səmədzadənin  “Tûrk Ordusuna” və “Bismillah” əsərləri. Konsertdə təqdim olunan əsərlərin şeirləri Əhməd Cavad, Mehmet Akif Ersoy və Məmməd Seyid Ordubadiyə məxsusdur.
Azərbaycanın xalq artistləri Azər Zeynalov, Əlixan Səmədov, və Azərin, istedadlı vokalçılar Orxan Cəlilov və Nigar Cəlilova, skripkaçı Ceyla Seyid, türkiyəli ifaçılar Nesrin Gönüldağ, Özgür Savaş Gençtürkün rəngarəng çıxışları konsertdə xüsusi sənət ab -havası yaradıb.

Qeyd edək ki, konsertdə Azərbaycanın xalq artisti, bəstəkar Aygün Səmədzadənin Cümhuriyyətin böyük şairi Əhməd Cavadın sözlərinə yazılmış  iki əsəri -  “Türk ordusuna” və “Bismillah” həm bir premyera kimi, həm də məxsusi bu gün üçün yazılan maraqlı kompozisiya və yüksək ifa tərzinə görə xüsusi rəgbətlə qarşılanıb.

Aygün Səmədzadə bildirib: “Belə bir əzəmətli tədbirdə iştirak etdiyimə görə məmnunam. Həm Cümhuriyyətin 100 illiyə baglı mövzulara tez-tez müraciət etdiyimə, dövrün ab-havasını içdən duyduguma, ,tariximizin hər bir qürur səhifəsinə bir azərbaycanlı kimi sevgimə görə buradayam və bununla qürur duyuram. Əsərlərimin bu samballı sıralamada yer aldıgına görə mənimlə bərabər sevinənlərə, sənətimizlə fəxr edənlərə, bizi bu günə layiq bilənlərə minnətdaram. Bu tədbirdə böyük zəhmətlə bərabər çalışdıgımız bütün kübar sənət adamlarına, başda maestro xalq artisti Yalçın Adıgözəlov olmaqla, xalq artisti  Elnarə Kərimovaya, Ayaz Qəmbərliyə, Əhməd Cavad ailəsinə, əsərlərimi səsləriylə gözəl təqdim edən Nigar və Orxan Cəlilovlara dərin təşəkkürümü bildirirəm. Layihələrdə bərabər calışdıgımız və əsərlərin ilkin versiyalarının  təqdimatında iştirak edən Əvəz Muradova, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Bəxtiyar Həsənə və bütün yaradıcı heyətə minnətdaram”.

Xatırladaq ki, 15 sentyabr 1918-ci il tarixində tərkibində Azərbaycan korpusunun da olduğu Qafqaz İslam Ordusu türk baş komandan Nuru Paşanın başçılığı ilə Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak işğalından azad edib. 8 min Osmanlı əsgəri və 7 minədək azərbaycanlı qüvvələr Bakının azad edilməsi üzrə hərbi əməliyyatda iştirak edib, təqribən iki mini şəhid olub. Bakı azad edildikdən sonra Azərbaycan Demokratik Respublikası Gəncədən Bakıya köçüb. Azərbaycanın müstəqilliyi təmin edilib və ermənilərlə bolşeviklərin Bakıda və ətraf rayonlarda hökmranlığına son qoyulub. Beləliklə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsi başlayıb. Uzun illər keçsə də, türklərin qardaş köməkliyi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmur, həmişə xatırlanır və dərin minnətdarlıq hissi ilə xatırlanacaq.