Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin TƏTBİQ EDİLDİ
    • 23-03-2020, 09:00
    • 1 086

Gürcüstanda azərbaycanlıların yaşadığı iki rayonda karantin TƏTBİQ EDİLDİ

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında koronavirusla bağlı karantin rejimi tətbiq olunub.

Buna səbəb ötən gün Marneulidə koronavirus diaqnozu qoyulan qadının yoluxma mənbəyinin müəyyən olunmamasıdır.
Hazırda Marneulinin girəcəyində patrul polisi yerləşdirilib, rayonda hərəkət ciddi nəzarət altında saxlanılır. Rayonda həmçinin hərbi texnika, çadır və xüsusi avadanlığın olduğu nəqliyyat vasitələri də səfərbər edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Marneulidə karantin rejimində ictimai asayiş qorunacaq. Müdafiə Nazirliyi də rayonda qabaqlayıcı tədbirlərə cəlb olunub, Marneuli və Bolnisidə xüsusi yoxlama məntəqələri yaradılıb. /Report/