Peşə təhsili müəssisələrinin tələbələri üçün "Dərs vaxtı"nın TARİXİ AÇIQLANDI
    • 2-04-2020, 17:20
    • 472

Peşə təhsili müəssisələrinin tələbələri üçün "Dərs vaxtı"nın TARİXİ AÇIQLANDI

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün dərslərin çəkilişi həyata keçirilir. Koronavirus pandemiyası dövründə tələbələrin tədrisdən geri qalmamaları üçün bu dərslər milli telekanallarda yayımlanacaq.

News24.az xəbər verir ki, dərslər geyim üzrə dizayner, mebel istehsalı, informasiya texnologiyaları və proqramlaşdırma, eləcə də digər istiqamətlər üzrə peşə təlimlərini əhatə edir. Adıçəkilən dərslər Mədəniyyət televiziya kanalının "Dərs vaxtı" verilişində 3 aprel 2020-ci il tarixindən başlayaraq saat 16:30-da yayımlanacaq və digər rəqəmsal platformalarda da mövcud olacaq.

Teledərslər hər kəsin, xüsusən də ölkənin daha ucqar ərazilərində internetə çıxışı olmayan tələbələrin təhsilinə dəstək olacaq. Bütün dərslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin VIDEO.EDU.AZ portalına yerləşdiriləcək.

Dərslər, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb. 

2018-ci ildən bəri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində dülgər, üzlükçü-dizayner, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, həmçinin Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində geyim üzrə dizayner, isitmə və soyutma sistemlərinə xidmət, dağ-mədən sənayəsi kimi sahələrdə 460-dan çox tələbə üçün praktiki tədris həyata keçirilir. Bugünə qədər, adıçəkilən iki layihə çərçivəsində, 
on iki yeni ixtisas kurikulumu və 54 tədris modulu, bundan əlavə on qısa müddətli kurslar üçün kurikulum və modulların hazırlanmasına dəstək olunub.