“Qazax Sement Zavodu”  MMC tənha yaşlılara bir aylıq ƏRZAQ PAYLAYIB
    • 4-04-2020, 13:40
    • 698

“Qazax Sement Zavodu” MMC tənha yaşlılara bir aylıq ƏRZAQ PAYLAYIB

Koronavirus (COVID-19) infeksiyasının respublikamızda yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimində daha çox sosial dəstəyə ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, “Qazax Sement Zavodu” MMC Qazax rayonu və sərhədyanı kəndləri də daxil olmaqla bütün kəndlərdə yaşayan, yaşı 65-i ötmüş tənha şəxsləri evlərində ziyarət edərək, onlara bir aylıq ərzaq məhsulları paylayıb.

MMC-dən News24.az-a bildiriblər ki, Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və könüllülərin də iştirakı ilə təşkil olunan ziyarət zamanı rayon üzrə 130 tənha yaşlıya ərzaq payları çatdırılıb və infeksiyanın yayılmaması üçün onlara zəruri tövsiyələr verilib.
Məqsəd yaşlı insanları zəruri gündəlik tələbat malları ilə təmin etməklə onların evdə qalmaları və sağlamlıqlarının qorunmasıdır.