Jurnalist tələbələrin təsis etdiyi ilk sayt -
    • 13-04-2020, 17:30
    • 999

Jurnalist tələbələrin təsis etdiyi ilk sayt - "Azxeber.com" 10 İL

Hər dəqiqə yenilənən informasiya məkanında fərqli, özünəməxsus xəbər istehsal etmək, ciddi rəqabətdə onun tərəfsiz, anında və peşəkar şəkildə oxucuya çatdırmaq olduqca çətindir. Bu gün 10 yaşı tamamlanan "Azxəbər"dəki həmkarlarımız bu görəvi böyük səylə yerinə yetirirlər. 

Bu portal 2010-cu ildə Bakı Dövlət Universitenin jurnalistika fakültəsinin tələbələr tərəfindən yaradılan ilk tələbə saytıdır.  O gündən bu günədək saytın yaradıcı heyəti eyni həvəs, eyni şövqlə çalışırlar.

Saytın təsisçilərindən biri Hacıbəy Heydərli geridə qoyduqları 10 ilin təəssüratlarını News24.az -la bölüşüb. Təsisçi illərlə çəkdikləri zəhmətin hədər getmədiyini və "Azxəbər.com"un  saytlar arasında özünəməxsus yeri, sözü olduğunu bildirib: “Biz on il bundan öncə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığımız zaman həmnkarım Əfsələddin Ağalarovla birlikdə “Azxəbər.com” saytını təsis etdik. Bu, Azərbaycanda tələbə jurnalistlərin təsis etdiyi ilk sayt idi. İlk vaxtlar auditoriyamız daha çox gənclər idi.  Amma illər keçdikcə daha geniş auditoriyaya çıxmaq imkanı qazandıq. Hazırda “Azxeber.com” həm sosial şəbəkələrdəki yeri, həm də gündəlik ziyarət sayına görə ölkənin ən çox oxunan xəbər saytlarından biridir. “Facebook”da 600 min, “İnstagram”da isə 480 mindən çox izləyicimiz var. Hazırda ölkənin ciddi  media orqanları saytımıza istinad edir. Bu baxımdan da düşünürəm ki, geridə qoyduğumuz 10 il hədər getməyib. Bu illər ərzində ən böyük dəstəkçimiz bizə güvən verən oxucularımız olub”. 

H.Heydərli bundan sonra da oxuculara operativ və qərəzsiz xəbər ötürülməsində öncül olacaqlarını deyib: “Bu günə gəlib çatmağımızda ən böyük meyarımız bu işə sevgi və istəklə yanaşmağımız olub. Bundan sonra da çalışacağıq ki, oxucularımızın marağında olan məsələləri operativ, dəqiq və qərəzsiz şəkildə onlara çatdıraq. Çünki hazırda Azərbaycanda xeyli xəbər saytı mövcuddur.  Və onlar arasında informasiya yarışı gedir. Belə olan təqdirdə hansısa saytın önə çıxması üçün çox böyük zəhmət tələb olunur. Biz də bundan sonrakı dövrdə fəaliyyətimizə eyni həvəs və ilhamla davam edəcəyik”. 

Biz də
News24.az saytı olaraq həmkarlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirik. 

Teymur Məmmədov