"Teatrların əməkdaşları karantində yaradıcılıq axtarışları aparmalıdırlar"- Əbülfəz Qarayev
    • 15-04-2020, 19:59
    • 1 059

"Teatrların əməkdaşları karantində yaradıcılıq axtarışları aparmalıdırlar"- Əbülfəz Qarayev

Aprelin 15-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə xüsusi karantin rejimi dövründə teatrların fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib.

Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata görə, konfransda Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Nazirliyin məsul əməkdaşları, ölkəmizin aparıcı teatrlarının rəhbərləri iştirak ediblər.

Videokonfransda çıxış edən nazir Əbülfəs Qarayev bu günlərdə ölkəmizin mədəniyyət sahəsinin idarə olunması ilə bağlı görülən işlər, vətəndaşlara mədəni xidmətlərin göstərilməsi, hazırkı dövrdə teatrların fəaliyyəti, videodərslərin keçirilməsi, muzeylərə və qoruqlara virtual turların təşkili, kitabxanaların onlayn xidmətləri, eləcə də digər mədəniyyət müəssisələrinin bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Mədəniyyət sahəsinin idarə olunmasında yeni yanaşmaların tətbiqinin sürətləndirilməsinin vacibliyini vurğulayan nazir deyib: “Hazırkı vəziyyət bizdən yeni çağırışlar, beynəlxalq təcrübənin öyrənilməsi, müasir yanaşmalarla işləməyi tələb edir. Biz son illərdə ölkəmizin mədəniyyət sahəsində elektron xidmətlərin tətbiqi istiqamətində müəyyən addımlar atmışıq, bir çox layihələr icra olunub. Artıq bu sahədə görülən işlərin daha da inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi, bu xidmətlərdən istifadənin genişləndirilməsi zərurətə çevrilib. Xüsusi karantin rejimi ilə əlaqədar yaranmış fasilədən teatrların əməkdaşları səmərəli istifadə etməli, yaradıcılıq axtarışları aparılmalı, yeni ideyalar, yeni yanaşmalar üzərində düşünülməli, teatrların fəaliyyətinin daha da inkişafı təmin olunmalıdır. Teatrların virtual məkanlarda fəaliyyəti, tamaşaların bu platformalar üzərindən yayılması günün tələbidir. Bu gün repertuarın zənginləşdirilməsi də vacibdir. Bundan əlavə dram əsərləri, monotamaşalarla bağlı müsabiqəsinin təşkili, xalq teatrlarının gələcək inkişafı istiqamətində də fəaliyyət təmin olunmalıdır”.

Nazir qeyd edib ki, sosial şəbəkələr üzərindən fəaliyyət daha da genişləndirilməsi, aktivlik artırılmalı, izləyicilərə mədəniyyət sahəsində baş verən yenililər, mədəni xidmətlər, kino və teatrlarımız haqqında məlumatlar davamlı olaraq çatdırılmalıdır.

Əbülfəs Qarayev yaranmış vəziyyətdə Mədəniyyət Nazirliyi tərəfindən başladılan layihə və təşəbbüslərə diqqət çəkərək bu istiqamətdə göstərilən elektron mədəni xidmətlərin əhatə dairəsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlət tərəfindən son illər teatrların fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi sahəsində böyük işlər görüldüyünü bildirib. Vurğulayıb ki, mövcud vəziyyətlə əlaqədar teatrların virtual məkanda fəaliyyətinin təmin olunması diqqətdə saxlanılmalı, bu sahədə həyata keçirilən tədbirlər davam etdirilməli, bütövlükdə mədəniyyət sistemində elektron xidmətlərin səviyyəsi daha da artırılmalıdır.

Videokonfransda həmçinin Nazirliyin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru Azər Paşa Nemətov, Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikov, Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov və başqaları çıxış edərək mövcud vəziyyətdə teatrların fəaliyyəti barədə məlumat verib, elektron xidmətlərin göstərilməsi sahəsində atılan addımlardan danışıblar.

Bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə bütün teatr müəssisələri tamaşaçılar üçün bağlanıb, teatrların binalarında mütəmadi dezinfeksiya işləri həyata keçirilir. Teatr binalarında fəaliyyət göstərməsinə icazəsi olan əməkdaşlar lazımi qoruyucu vasitələrlə təmin olunublar.

Qeyd edilib ki, teatrlar hazırkı məqamda öz fəaliyyətini sosial şəbəkələr üzərindən davam etdirirlər. Müxtəlif tamaşaların videoçəkilişləri, tamaşalar haqqında məlumatlar izləyicilərin diqqətinə çatdırılır.

Əbülfəs Qarayev sonda çıxış edərək ölkəmizdə koronavirus infeksiyası ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha vurğulayıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qətiyyəti sayəsinə vəziyyətin nəzarət altında olduğunu bildirib. Nazir vətəndaşlarımızın tətbiq edilən xüsusi qayda və tövsiyələrə əməl etməsinin vacibliyini də diqqətə çatdırıb.

Əbülfəs Qarayev sosial təcrid dövründə mədəniyyət sahəsinin insanların mənəvi tələbatının qarşılanmasında üzərinə mühüm məsuliyyətin düşdüyünü bildirərək göstərilən mədəni xidmətlərin daha da inkişaf etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.