"Təbəssüm xanımların ən gözəl aksessuarıdır"- FƏXRİYYƏ XƏLƏFOVA İLƏ KARANTİN SÖHBƏTİ
    • 17-04-2020, 21:39
    • 1 498

"Təbəssüm xanımların ən gözəl aksessuarıdır"- FƏXRİYYƏ XƏLƏFOVA İLƏ KARANTİN SÖHBƏTİ

"Hər kəs kimi mən də evdəyəm. Sosial şəbəkə, canlı yayımlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sözün düzü, əvvəllər mənim sosial şəbəkələrə canlı yayımda olmağa elə də çox vaxtım qalmırdı, amma indi karantin müddətində bu fürsəti dəyərləndirirəm. Bu həftədən etibarən canlı yayımlar açacam".

Bu sözləri Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova News24.az-ın canlı yayımında deyib. O, söhbətə karantin günlərindən başlayıb: "Nədənsə çoxları elə düşünür ki, biz evdə oturmaqdan bezib darıxmışıq, amma elə deyil. İndi darıxmağın vaxtı deyil. Evdə qalaraq vaxtımızı daha səmərəli keçirməyə çalışmalıyıq. Məsələn, mən pedaqoq olduğuma görə, onlayn dərslər keçirəm. Müəllimlik fəaliyyətim daim mənim üçün çox önəmlidir. Sadəcə, fəaliyyətimin bu tərəfindən çox bəhs etməmişəm. Onlayn şəkildə dərsi izah eləməyin özü bir istedaddır, çünki burda yeni yanaşma var. Çoxlu kitab oxuyuram. Mən izləyicilərə də bunu tövsiyə edərdim. Bir də çalışıb səbirli olmalarını arzulayıram. Bir-birimizlə hömsöhbət olub fikir mübadiləsi aparmağa çalışmalıyıq. İndi məşhurlar arasında nağıl oxumaq trendi yaranıb. Mən də bu siyahıya qoşulacağam".

Modelyer Azərbaycan xanımlarına da müxtəlif məsləhətlər verib: "Düzdür, hazırda çoxlarımız oturaq şəraitdə çalışırıq və bu kilo almağımıza səbəb ola bilər. Amma mən öz-özümə söz vermişəm ki, bu müddət ərzində arıqlayacağam və bunu da bacardım. Xanımlara da məsləhətim odur ki, karantin günlərində də özlərinə diqqətsiz qalmasınlar. Bu günlərdə rəngli çalarlardan istifadə eləsinlər. Ətrafındakılara müsbət aura ötürsünlər. Məncə, təbəssüm xanımların ən gözəl aksessuarıdır. Onlara demək istəyirəm ki, üzünüzdən təbəssüm əksik olmasın. Otaqdan-otağa belə bir-birimizi təbəssümlə yola salaq.  Onu da deyim ki, karantin günlərində bir daha əmin oldum ki, bizim mətbəximizdə dəyərli sərvət yatırmış. Əziz xanımlar, düyünü isladandan sonra, onun suyunu atmayın. Düyünün suyu ilə saçlarımızı nəmləndirə bilərik. Bununla saçlarımız daha da yumuşaq olur.  Gözəl xanımlarımız, yeməklərinizə az duz səpin. Çünki duzlu qida qaməti pozur".

Əməkdar incəsənət xadimi "FX" brendindən də söhbət açıb: "Əgər, hər hansısa markaya öz adını verirsənsə, gərək, sona qədər onun arxasında xüsusi bir məsuliyyətlə dayanasan. Mən də illərlə öz işimə, peşəmə böyük sayğı ilə yanaşmışam. Tamaşaçıların qarşısına daim yeniliklərlə gəlmişəm. Onlardan o sevgini, rəğbəti görməsəydim, onda hardasa, nədəsə səhv elədiyimi düşünərdim. Düşünürəm ki, gələcəkdə də kreativ işlərə imza atacağam. Biz bu ərəfədə xüsusi maskalar hazırlayıb təqdim etmişik. Mən onların hazırlanma texnologiyasını başa salıb sosial şəbəkədə paylaşmışam. Düşünürəm ki, bir az qabiliyyəti olanı insan rahatlıqla ev şəraitində maska hazırlaya bilər. Biz bunu etməklə maska təminatımızı ödəmiş olarıq. Sadəcə, buna adaptasiya olunmalıyıq".

Sevda Bayramova