Lənkəranda mağazalardan oğurluq edən şəxs SAXLANILDI
    • 18-04-2020, 13:29
    • 822

Lənkəranda mağazalardan oğurluq edən şəxs SAXLANILDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağaza, təmir sexi, çay evləri və digər obyektlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakini N.İsmayılov yaşadığı Kərgəlan kəndində ona məxsus mağazadan ümumilikdə 1032 manat dəyərində pul, kameraların yaddaş kartı, danışıq kartları və müxtəlif çeşidli ətirlərin oğurlandığını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Kərgəlan kənd sakini Rahim İbadov olduğu müəyyən edilib və o saxlanılıb.

Eyni zamanda saxlanılan R.İbadovun yaşadığı kəndin ərazi icra nümayəndəliyinin inzibati binasından, bir çayxanadan və bir qeyri-yaşayış sahəsindən, həmçinin Talışlı kəndində yerləşən avtomobil təmiri sexindən ümumilikdə dəyəri 3410 manat olan notebook, printer aparatı, internet modemi, nəzarət kameraları, yaddaş bloku və digər avadanlıqlar oğurladığı da məlum olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində isə şəhər ərazisində və Aşağı Nüvədi qəsəbəsindəki çay evlərindən ümumilikdə dəyəri 2470 manat olan televizor, digital aparat və samovar oğurlayan rayon sakini Qəhrəman Həsənov saxlanılıb. Hər iki şəxsdən oğurladıqları əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.