"Partnyor sayı artdıqca, infeksiyalar daha çox yayılır" - GİNEKOLOQ İLAHƏ QULİYEVA - MÜSAHİBƏ - FOTOLAR - VİDEO
    • 1-05-2020, 12:13
    • 2 306

"Partnyor sayı artdıqca, infeksiyalar daha çox yayılır" - GİNEKOLOQ İLAHƏ QULİYEVA - MÜSAHİBƏ - FOTOLAR - VİDEO

İlahə Quliyeva - Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür. O, 2006-2010-cu illərdə Fransanın Lyon şəhərində Claude Bernard Lyon 1 Universitetində Mamalıq və Ginekologiya ixtisası üzrə təhsil alıb. Həmçinin  Qadın, Ana, Uşaq Universitet Baza Xəstəxanasında rezident mama-ginekoloq vəzifəsində çalışıb. Eyni illərdə Azərbaycan Dövlət və Fransa Dövlət Təqaüdlərinə layiq görülüb. 2018-ci ildə isə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə Tibb üzrə Fəlsəfə Doktorluğu elmi dərəcəsi üçün müdafiə edib.
 
Azərbaycanın tanınmış ginekoloqu İlahə Quliyeva News24.az-ın suallarını cavablandırır.

- Ginekologiya nədir? 

- Ginekologiya həqiqətən də çox şərəfli və çətin peşədir. Onun üçün gecə-gündüz, soyuq və ya istidir anlamı yoxdur. Bir ginekoloq doğum otaqlarında bir həyatı xilas edib, dünyaya gözəl nemət gətirən şəxsiyyətdir. Əsl ginekoloq öz həyatını bu peşəyə həsr edəndir. Ona görə də bu işi sevmədən onu layiqincə icra etmək mümkün deyil. Ginekologiyanı sevərək xalqa, xüsusilə də qadınlara xidmət etmək lazımdır.  

- Sizi digər ginekoloqlardan nə fərqləndirir? 

- Fransada təhsil alıb Vətənə qayıtdığım ilk gündən pasientlərimdən ancaq xoş münasibət görmüşəm. Qəbul otağından çıxan istənilən insan mənə hər zaman fərqli olduğumu, onları dinləmək qabiliyyətinə malik olduğumu, problemin mənbəyini tapdığımı və onlarla rahat olduğumu deyirdilər. Əksər qadınlar ginekoloqun yanına getməyə qorxurlar. Çünki düşünürlər ki, onları lazımı qədər dinləməyib, müalicə reseptini yazmaqla kifayətlənəcəklər. Amma bu belə olmamalıdır.  
 

- Sizcə peşəkar ginekoloq olmaq üçün xaricdə təhsil almaq mütləqdirmi? 

- Baxın, artıq 15 ildir mama-ginekoloq sahəsində çalışıram. Onun beş ili Fransada fəaliyyət göstərmişəm və bununla da fəxr edirəm. Demək olar ki, “Qadın, Ana, Uşaq” Universitet Baza Xəstəxanasında formalaşmışam. Bu xəstəxana Avropanın ən böyük xəstəxanalarından biridir. Bununla yanaşı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun mama-ginekologiya kafedrasında dərs deyirəm, tibb üzrə fəlsəfə doktoruyam. Məncə əsl peşəkar digər həkim həmkarları ilə aldığı təhsili, qazandığı təcrübəsini bölüşməli, yeni metodlardan xəbər verməlidir. Əlbəttə ki, burda təhsil alıb çalışan yaxşı mütəxəssislərimiz də var, onların üzərindən xətt çəkə bilmərik. Lakin unutmamalıyıq ki, tibb bir yerdə dayanmağı sevən sahə deyil. Tibb hər gün inkişaf edir. Məncə xaricdə təhsil almaq bir həkim üçün ən üstün keyfiyyətdir.  

- Yerli həkimlərə sanki etibar azalıb. Sizcə, bunun səbəbi nədir? 

- Məncə bu bir növ bəzi həkimlərin dünyəvi dillərin bilməmələrinə görə, ya da tənbəllikdən irəli gəlir. Arada müşahidə edirəm ki, yerli həkimlər beynəlxalq konfranslara getmirlər. Bu düzgün bir şey deyil. Çünki 1 və ya 2 il ərzində tibbdə, xüsusilə də protokollaşdırılmada çox böyük dəyişikliklər baş verir. Məsələn, xaricdə bütün həkimlər protokol üzərində işləyirlər, bu isə çox vacib məqamdır. Təssüf ki, bizdə hələ ki, bütün sahələr üzrə protokollaşdırılma tətbiq olunmayıb.  


- Ölkədə son illər daha çox rast gəlinən ana və uşağın doğuş zamanı tələf olması hansı səbəblərdən baş verir? 

- Rahatlıqla deyə bilərəm ki, indiki zamanda bu problemlər artıq azalmağa doğru gedir. Məsələn, 1994-cü ildə ana ölümü ən pik nöqtəyə çatmışdı. Bir il ərzində 70 ana ölümü baş verib. 2005-ci ildə ölüm sayı 40-a çatıb. 2015-ci ildə 24, 2018-ci ildə isə 17 ana ölümü olub. Burda əsas məqam protokollaşdırmadır. Doğuş protokol üzrə getməli, keysəriyyə və yaxudda təbii doğuşun düzgün şəkildə seçilməsi və həkimin bu sahədə biliyinin artırılması. Bunların hər biri böyük rol oynayır. Çox təəssüf ki, bölgələrdən gələn bəzi qadınların hamiləlik dövrünə nəzarət olunmur. Hətta elə hamilələrimiz var ki, doqquz ay müddətində bir dəfə belə olsun həkim yanına getmirlər. Bu çox böyük səhvdir. Bunlarla yanaşı, qadının hansı variantla doğumu həyata keçirməyini nə qayınana, nə qayınata, nə də həyat yoldaşı qərar verməməlidir. Bunu ginekoloq təyin etməlidir. Ailə tərəfindən verilən bu kimi qaydalar doğuş zamanı problemin yaranmasına səbəb ola bilər və göründüyü kimi səbəb olur. Bəzi həyat yoldaşları, ya da qayınanalar doğuşun təbii yolla həyata keçməsini israr edirlər. Bunu isə növbəti hamiləliyin tez olması üçün etdiklərini düşünürlər, amma bunlar tamamilə yalnış addımlardır.  

- Nədənsə son zamanlarda hamilə qadınlar daha çox keysəriyyə üsuluna müraciət edirlər... 

- Təbii yolla doğuş etmək istəyən pasientlərimiz də kifayət qədərdir, amma keysəriyyəyə müraciət edənlər, daha çox asan yolla övlad sahibi olmaq istəyən xanımlardır. Təbii doğumun fəsadlarından, ağrıdan qorxanlar var. Burda həkimin çox böyük rolu var. İlk olaraq hamilə qadının bu müddəti düzgün şəkildə aparılmalı, daha sonra isə doğuşun özünü sağlam həyata keçirilməsi təmin olunmalıdır. Əgər, pasient təbii doğuşdan psixoloji baxımdan çox qorxursa, ona ağrısız doğuş da edə bilərik, amma yenə də həkim nəzarəti düzgün şəkildə olunmalıdır.  


- Tibb qadının neçə aydan bir ginekoloqun müayinəsindən keçməsini tövsiyə edir? 

- Əvvəllər ildə bir dəfə check-up müayinədən  keçməyi tövsiyyə olunurdusa, indi altı aydan bir gəlmələri məsləhət görülür. Çünki hazırda ginekoloji xəstəliklərin çoxaldığı dövrdə yaşayırıq. Qadın, hamilə və yaxud da qız uşağı mütəmadi olaraq ginekoloqun müayinəsindən keçməlidir. Bizdə hələ maarifləndirilmə işləri aparılmalıdır. Xanımlarımız bilməlidir ki, ginekoloqun yanına ancaq hər hansısa problemlə üz-üzə gələndə gedilməməlidir.  

- Bəs, hamiləlik dövrünün şəffaf və rahat keçməsi üçün neçə aydan bir ginekoloqun yanına gəlmək məsləhət görülür? 

- Hamiləlik xəbərini alandan dərhal sonra həkimə müraciət etmək lazımdır. Mütləq şəkildə ilkin yoxlanış məhz o zaman aparılmalıdır. Və ondan sonra ayda bir dəfə ginekoloqun müayinəsindən keçilməlidir.  
 

- Hamilə qalmamaq, aborta müraciət etməmək üçün qadınlara hansı yolu məsləhət görürsünüz?  

- Aborta getməkdənsə, vaxtında həkim müayinəsindən keçəndən sonra müxtəlif kontraseptiv vasitələrdən istifadə etmək lazımdır. Düzgün məlumatlanmaq və seçim etmək lazımdır. Kontraseptiv vasitə nəzərdə tutduqda ancaq spiralı demirik. Düzdür, son vaxtlar spiral haqda müxtəlif şeylər eşidirik. Məsələn, bəzi xanımlar deyir ki, spiral qoyulandan sonra kökəlirlər, amma bu belə deyil. Mikrodoz oral kontraseptiv həblərdən tutmuş dərialtı implanon, diaqfraqma,halqalar,şamlar şəklində çeşidli qorunma vasitələri mövcuddur. Yəni hamilə qalmamaq üçün sadəcə kontraseptiv vasitələrdən düzgün şəkildə istiafə etmək lazımdır. Bunların heç biri də qadın orqanizminə zərər vermir. 

- Müasir dövrdə qız uşaqların “qızlıq pərdə”sinin yenidən bərpası hallarına rast gəlirik. Buna münasibətiniz necədir? 

- Çox təəssüf ki, bizdə bu əməliyyatın aparılmasında məqsədi heç də bakirəlik həzzinin yenidən yaşanması deyil. Ölkədə əsasən qarşı tərəfi aldatmaq üçün bu yola əl atılır. Bunu düzgün hesab etmirəm. Hazırda bu əməliyyatla bağlı müraciət edənlərin sayında artım müşahidə olunur, amma mən bunu eləmirəm. Əslində sözügedən əməliyyat ginekologiyada ən asan proses hesab olunsa da, mən icra etmirəm.

 
- Son dövlərdə qadınlar arasında “kista”və “mioma” əməliyyatı keçirənlər də çoxluq təşkil edir. Və çoxsaylı xanımlar bu əməliyyatdan sonra hamilə qala bilməyəcəyindən narahat olur. 

- Bəli, tamamilə düzgün vurğuladınız. Azərbaycanda araşdırma aparsaq görə bilərik ki, hazırda 10 qadından 6-da sözügedən xəstəlik var. Hətta Fransada miomaya  Qafqaz xəstəliyi də deyilir. Əgər, qız uşağına kista əməliyyatı göstərişi varsa, ona mütləq şəkildə orqan saxlayıcı əməliyyat edilməlidir, yəni kistanı götürüb yumurtalığı saxlamaq lazımdır. Çünki bu xəstəlikdə zəmanət yoxdur. Mən deyərdim ki, yumurtalığı götürmək bir cinayətdir. Bəzi orqanik kistalar var ki, xəstələr buna görə lazımsız yerə aylarla müalicə alırlar. Bu kimi xırda kistalar sovrulub gedəcək. Ona müdaxilə etmək olmaz. Bəzi hallarda isə lüzumsuz müalicələrlə əməliyyata göstərişi olan kistaları gecikdirib fəsadlaşdırırlar. Kista bu  halda partlaya, ya da burularaq yumurtalığa zərər verə bilər.  Ona görə də mioma və kistası olan xanımlar bu sahədə böyük təcrübəsi olan mütəxəssisə müraciət etməlidirlər ki, uşaqlıq və yumurtalıq kimi vacib qadın orqanlarını itirməklə üz-üzə qalmasınlar. Zamanında müraciət edərlərsə orqanlarını qoruyub saxlamaq mümkündür.

 - Bəzi qadınlar menustrasiyadan kəsiləndən sonra müxtəlif problemlərlə üz-üzə gəlirlər. Buna səbəb nədir? 

- Normalda klimaksa keçid dövrü 45-52 yaşda olur, amma erkən də olur. 29 yaşında, və yaxud 56 yaşında klimaksa girən xanımlar var. Hər birinin özünəməxsus ziyanı var. Erkən klimaksa girən qadınlarda ekstrogen çatışmazlığı olur, yəni sümüklərdə zəifləmə,kövrəlmə ,ürək-damar sistemlərində ,maddələr mübadiləsində ciddi problemlər yaranır. Gec yaşlarında  aybaşıdan kəsilən qadınlar isə süd vəzi xərcəngi, uşaqlığın daxili qat xərçənginə daha çox meyilli olurlar.

- Müasir dövrdə ən ciddi problemlərdən biri də sonsuzluqdur. 

- Bəli. Ən çox da boru faktorlu sonsuzluq hallarını çox görürük. Bunların çoxu da cinsi yolla keçən infeksiyalardır. 90-ci illərdə əksər qadınların həyat yoldaşları üzünü Rusiyaya tutduqdan sonra qadınlarda bəlli boru xəstəlikləri əmələ gəlməyə başladı. Nə qədər partnyor sayı artırsa, bir o qədər də infeksiyalar yayılır. Sonsuzluğun ən çox yaranma səbəblərdən biri də polikistoz, yəni follikulların partlamamasıdır.  
 

- Dövrümüzdə sonsuzluq problemini həll etmək üçün süni mayalanmaya müraciət edən çütlüklər də çoxluq təşkil edir... 

- Doğrudurr, süni mayalanma çox gözəl metoddur. Hamilə qala bilməyən cütlüklərin son ümid yeridir. Lakin bir şeyi unutmayaq ki, süni mayalanma ən son variantdır. Digər mərhələlərdən keçmədən bunu cütlüklərə təqdim etmək olmaz. Bu artıq işin biznes xarakteridir. Yaranan problemi tapıb düzgün şəkildə müalicə eləməliyik. Süni mayalanma 100% metod deyil. 

Son olaraq, İlahə Quliyevadan xanımlara məsləhət almaq istərdik.

- Qadınlar cəmiyyətimizin əsas ana sütunudur. Qadın bir evin qızı, anası, həyat yoldaşı, bacısı, övladıdır. Qız uşaqlarına və qadınlara məsləhətim mütəmadi ginekoloji müayinədən keçmələridir. Onun həyatını izləyə bilən ginekoloqun olması çox vacibdir. Ginekoloq təkçə həkim deyil, o, psixoloq, yaxın dostdur. 

Sevda Bayramova
VİDEO–FOTO: Fərid Şabanov