Ölkədə internetin zəif olmasının SƏBƏBİ - NAZİRLİKDƏN AÇIQLAMA
    • 21-04-2020, 16:59
    • 859

Ölkədə internetin zəif olmasının SƏBƏBİ - NAZİRLİKDƏN AÇIQLAMA

"Məlum olduğu kimi, COVID-19 virusunun yayılması ilə mübarizə çərçivəsində ölkədə, xüsusilə paytaxtda bir çox şirkətlər onlayn rejimdə fəaliyyət göstərir və dərslər onlayn qaydada keçirilir. Bununla əlaqədar genişzolaqlı şəbəkənin yüklənməsində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Bəzən seçdiyi xidmətlər və ya evində yerləşdirdiyi paylayıcı qurğular vətəndaşın bu müddət ərzində artan tələblərinə cavab vermir".

Bu sözləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən News24.az-ın son günlər ölkə ərazisində internetin sürətinin zəif olması ilə bağlı ünvanlanan sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, nazirliyin mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər: "Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155 “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər isə anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur. İnternet sürətinin artırılması, yeni qoşulma, kabel və xətt zədələnmələri, eləcə də digər məsələlərlə bağlı daxil olan sorğulara həm növbətçi briqadalar, həm də onlayn iş rejimində  çalışan əməkdaşlar operativ şəkildə reaksiya göstərərək sorğuların emalını və icrasını həyata keçirməkdədir".

Nazirlikdən "koronavirus pandemiyası dövründə özəl provayderlərə hansısa tövsiyyələr olunubmu?" sualına cavab olaraq bildirilib ki, fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verilir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz intenet xidməti göstərsinlər. Vətəndaşların internet xidmətindən istifadə etməsi və xidmətlərə qoşulması üçün bütün imkanlar yaradılır. 

Nazirlikdən Azərbaycanda internetin qiymətində dəyişiklik edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilib. Qeyd edilib ki, Güzəştlərin tətbiqi və digər məsələlərlə bağlı yeniliklər olduğu halda ictimaiyyət bu barədə KİV vasitəsi ilə məlumatlandırılacaq.

Teymur Məmmədov