Sumqayıtda küçə və yollar TƏMİR EDİLİR
    • 29-04-2020, 10:47
    • 771

Sumqayıtda küçə və yollar TƏMİR EDİLİR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Sumqayıt şəhəri ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.

Agentlikdən News24.az-a verilən məlumata görə, ölkə Prezidentinin sərəncamına əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan AAYDA-ya 6,4 milyon (altı milyon dörd yüz min) manat ayrılıb.

Layihə çərçivəsində agentlik tərəfindən 135 min nəfər əhalinin yaşadığı Sumqayıt şəhərinin Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21.4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərə başlanılıb. Ümumilikdə təmir işlərinin ümumilikdə əhatə edəcəyi sahə 150 min kv.m-dir.

Hazırlanan layihələrə uyğun olaraq hazırda 18-21-ci məhəllələrinin daxili yollarında və 21-ci mikrorayon ərazisində yerləşən küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Sözügedən ərazilərdə aparılan əsaslı təmir işləri 5.8 km uzunluğa malik küçə və yolları əhatə edir. Aparılan işlərin sahəsi isə 40 min kv.m-dir.

Yaxın günlərdə təmir-tikinti işlərinə Corat qəsəbəsinin 3.6 km uzunluğa malik küçələrində başlanılması nəzərdə tutulur. Qəsəbədə təmir işlərinin aparılacağı ümumi sahə 25 min kv.m-ə yaxındır.

Sərəncama əsasən, işlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin, “Yaşıl Dərə, “Qurd Dərəsi” və “Xəzər Bağları” yaşayış massivlərində, həmçinin “Kotec” məhəlləsinin 12 km uzunluğa malik küçə və daxili yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur. Təmir işlərinin aparılacağı sahə 85 min kv.m-dir.

Sumqayıt şəhəri üzrə qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun, agentlik tərəfindən şəhər üzrə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.