Milli Məclisdə yeni qanun layihəsi - parlamentarilər tövsiyə etdi
    • 30-04-2020, 22:56
    • 581

Milli Məclisdə yeni qanun layihəsi - parlamentarilər tövsiyə etdi

Aprelin  30-da  Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası  keçirilib.

News24.az xəbər verir ki, iclası aparan komitə  sədri  Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi  müzakirəyə  təqdim edilir. 

Qeyd edilib ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunub. Konvensiya 3 dekabr 1958-ci il tarixdə Paris şəhərində YUNESKO tərəfindən qəbul edilib,  23 noyabr 1961-ci ildə qüvvəyə minib və artıq 47 dövlət tərəfindən ratifikasiya edilib. Sənəd konvensiyanın iştirakçısı olan dövlətlərin hökumət orqanları və kommersiya məqsədi daşımayan təhsil, elm, texnika və mədəniyyət profilli qeyri-hökumiət qurumları arasında nəşrlərin mübadiləsini ehtiva edir. Mübadilə obyektləri kimi təhsil, hüquqi, elmi-texniki, mədəniyyət və informasiya sahəsi üzrə nəşrlər (kitablar, qəzetlər, dövri nəşrlər, xəritələr və planlar, reproduksiyalar, fotoşəkillər, musiqi əsərləri, brayl nhəəşrləri və s.) nəzərdə tutulur. Konvensiya məxfi sənədlərə, sirkulyar məktublara şamil edilmir.

İclasda komitə  üzvləri Fazil Mustafa, Aqil Abbas, Ülviyyə  Ağayeva, Novruzəli Aslanov, Nizami  Cəfərov, Əziz  Ələkbərli, Cavanşir Feyziyev, Ülviyyə  Həmzəyeva, Sabir  Rüstəmxanlı və  Mixail  Zabelin sənədin nəşrlərin dünya dövlətləri və xalqları arasında sərbəst yayılmasına şərait yaradılması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıblar.  

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına  tövsiyə  edilməsi  qərara  alınıb.