Parlament komitələrinin birgə İCLAS KEÇİRİLİB
    • 6-05-2020, 14:02
    • 696

Parlament komitələrinin birgə İCLAS KEÇİRİLİB

Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

Qeyd olunub ki, dəyişiklik zərurəti Azərbaycanın dövlət dilinin tətbiqinə nəzarətin və dil normalarının qorunmasının təmin edilməsinin vacibliyindən irəli gəlir. Məqsəd Azərbaycan dilinin hüquqi statusunun qorunması, bu dilin işlənməsi və inkişafı üçün zəruri tədbirlərin görülməsidir. Həmçinin televiziya və radioda, KİV-də, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dilin normalarının və leksik-qrammatik qaydaların pozulması hallarının, əcnəbi söz və ifadələrin işlədilməsinin qarşısını almaqdır. Layihəyə əsasən, adı çəkilən 5 qanunun müvafiq maddələrində bu qəbildən dəyişikliklər aparılır və bu dəyişikliklərdən irəli gələn məsuliyyət İnzibati Xətalar Məcəlləsində nəzərə alınacaq.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanı Azərbaycan dilinin hüquqi statusunun qorunmasıyla bağlı mühüm vəzifələr qoyub. Təklif edilən dəyişikliklər məhz bu fərmanın icrasıyla əlaqədardır və ölkəmizdə dövlət dilinin saflığının qorunmasına xidmət edəcək. Qeyd olunub ki, dəyişikliklər birinci və ikinci oxunuşda Milli Məclisin iclasında ətraflı müzakirə olunub, deputatlar dəyişikliklərin mahiyyəti barədə fikirlərini bildiriblər, irad və təkliflər səslənib.
İctimai müzakirələr zamanı deputatlar - Hikmət Məmmədov, Erkin Qədirli, Nizami Cəfərov, Nurlan Həsənov, Nigar Arpadərai, Fəzail Ağamali, Fazil Mustafa, Tahir Kərimli, Kamal Cəfərov, Arzu Nağıyev, Elşən Musayev, Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyidzadə sənədlərlə bağlı fikirlərini açıqlayıblar.

İclasda AMEA Nəsimi adına Dilçilik İnstitutundan dəvət edilən mütəxəssislər və reklam şirkətlərinin nümayəndələri deputatların səsləndirdikləri fikirlərə münasibət bildirdilər, reklam lövhələrində və video-çarxlarda Azərbaycan dili normalarının pozulması hallarının yolverilməz olduğunu vurğulayıblar. /Report/