"O, müstəntiq deyil, kimisə utandırmamalıdır" - JURNALİSTLƏR QINANDI
    • 16-05-2020, 14:10
    • 888

"O, müstəntiq deyil, kimisə utandırmamalıdır" - JURNALİSTLƏR QINANDI

-  Maska niyə taxmamısız!  
-  Çölə niyə çıxmısız, icazəniz var?

Son dövr koronavirusla bağlı jurnalistlərin hazırladığı reportajlarda bu cür sorğulara, daha dəqiq desək, təpkilərə tez-tez rast gəlirik. Əli mikrofonlu həmkarlarımızın respodentlərə bu cür sərt müraciəti insanların narazılığına ciddi səbəb olur. Reportyor- respondent arasında yaranan bu narazılıqlar da hazırkı mövzunu gündəmə gətirib. Sorğu zamanı müraciət forması necə olmalıdır, jurnalistin müsahibini nədəsə ittiham etməyə haqqı çatırmı? 

News24.az mövzu ilə bağlı bir neçə media ekspertinin fikirlərini öyrənib. 


Teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli hesab edir ki, bütün hallarda jurnalist müstəntiq deyil: “Youtubda belə sorğuları mən də görmüşəm. O cür davranış tərzi yolverilməzdir. Küçə sorğuları aparmaq, bu və ya digər məsələyə insanların münasibətini öyrənmək jurnalistin vəzifəsidir. Amma öyrənmək istədiyin məsələ barəsində onun intonasiyası yumşaq, müraciəti etik çərçivədə olmalıdır. Belə sualları yalnız polislər verə bilər. Jurnalist yalnız maraq və cavab almaq üçün nəsə soruşa billər. Bizdə yaxşı sorğu aparan jurnalistlər də var, amma təəssüf ki, təcrübəsizlikdən irəli gələn, müstəntiqmiş kimi sual verənlər də az da deyil. Bu hal reportyorla auditoruyanın arasında məsafəni genişləndirir. Halbuki bu məsafə yaxın olmalıdır, insanlar bilməlidir ki, jurnalist nə istəyir, onu hansı suallar maraqlandırır, o suallara da normal cavab verməlidir”. 

Q.Məhərəmli bununla bağlı hər hansı cəza tətbiq edilməsinin tərəfdarı deyil: “Sadəcə, peşəni yaxşı öyrənmək lazımdır. Bacarıqları formalaşdırmaq, peşəkarlığı cilalamaq gərəkdir. Sənətə gedən yolda o təcrübəni toplamaq  və qaydalara əməl etmək lazımdır. Həm etik, həm davranış qaydaları, həm ünsiyyət mədəniyyəti- bunlar hamısı müxbirin toplum halında davranışını şəkilləndirir”. 

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Vüqar Ziferoğlu da Qulu Məhərrəmlinin fikirlərinə şərik çıxıb: “Jurnalist heç kimə hökmlə müraciət edə bilməz: “Amma yanlış mövqeyə öz iradını bildirmək onun borcudur. Jurnalist ictimai nəzarət funksiyasıdır.  Onun maarifləndirici və ictimai nəzarət funksiyası var. Bu mənada, jurnalistin ictimai əhəmiyyət kəsb edən məsələ ilə bağlı mövqe ortaya qoyması, hər hansı bir şəxsi bilgiləndirmək və ya maarifləndirmək məqsədilə münasibət öyrənməyə çalışması, təbiidir. 

Bildiyiniz kimi, elan edilmiş pandemiya hər bir vətəndaşımızın üzərinə ictimai məsuliyyət məsələsini qoyur. Və jurnalistin, həm də ictimai nəzarət funksiyasını yerinə yetirən peşə sahibi kimi, belə bir zamanda məsuliyyətsiz davranan, qaydalara əməl etməyən, bununla da həm özünü, həm də ətrafdakıları təhlükəyə atan şəxslərə müraciət etməsi təbiidir. Bu incə məqam mütləq nəzərə alınmalıdır. Bu zaman peşə etikası pozulmur. Lakin jurnalistin hökm vermək, günahkar elan etmək kimi bir səlahiyyəti də yoxdur. Hətta birmənalı şəkildə peşə etikası prinsiplərinin pozulması deməkdir. Bu da jurnalistin musahibinə müraciətindən, müsahiblə yaratdığı dialoqdan, mövzunun ictimai əhəmiyyətindən çox asılıdır”. 



Bu məsələnin çox aktual olduğunu bildirən media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, jurnalist yalnız ictimai maraqları təmin etməlidir: “İnsanlara lazımi bilgini çatdırmalı, heç bir vaxt başqa vəzifəli şəxsi əvəz etməməlidir, sanki həkimdir, səhiyyə işçisidir, yaxud bu sahəyə cavab verən müəyyən komissiyanın üzvüdür. Bu şəkildə respondentlərə üz tutanda jurnalist kimliyini dəyişir. Bu etik baxımdan yolverilməzdir. Jurnalist o sualı verəni çəkə bilər, özünün isə o sualı verməsi etik baxımdan doğru deyil. Birincisi, jurnalist mütəxəssis deyil ki, açıq havada “niyə maska taxmamısan” deyə soruşsun. Sonrası da açıq havada yalnız sosial  məsafə gözlənilməlidir. Bir çox dövlətlərdə açıq havada maska taxılmır, elə qonşu Türkiyədə də. O yalnız qapalı məkan üçün tələb oluna bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, maska hansı tipdir, yəni həmin şəxs onunla nəfəs ala bilirmi?  Bəlkə onun işi açıq hava ilə bağlıdır, yəni o şəxs 8 saat maska ilə işləməlidirmi? Bir sözlə, jurnalistin o sualı verməsi, kimisə ictimai qınağa cəlb etməsi, utandırması doğru deyil. Bu sualı işin məsuliyyətini bilən kəs verməlidir, jurnalistsə onu çəkə bilər”.

Z.Məmmədli hesab edir ki, jurnalistlərin vəzifəsi sadə insanların hüquq və azadlıqlarının qorunmasıdır: “Jurnalist ictimai vəkil kimi çıxış edə bilər, amma özünü müstəntiq kimi apara bilməz. Bu məsələyə nəzarəti televiziya yayım qrumunun rəhbərləri, medai menecerləri, media təlimçiləri aparmalıdır. Sözsüz ki, bu cür hallar yayım qurumunun yanlışlarıdır. Milli Televiziya və Radio Şurası qanun pozuntuları ilə məşğul olur. Bu qurum peşəkarlıqla bağlı tövsiyələr verə bilər, amma buna məcbur edə bilməz. Etika ilə peşəkarlıq bir-birindən ayrılmazdır. Etik pozuntu varsa, demək, peşəkar pozuntu da var. Təəssüf ki, bizdə reklam bazarından öz fəaliyyətini dolğun təmin etmək imkanı olmadığından, bu cür hallar olacaq. Bizdə reportyorlar birliyi, prodüserlər birliyi olmadığından qeyri-prşəkarlıq çiçəklənir, alaq otları kimi bütün mediaya yayılır”. 

ATV telekanalının informasiya və ictima siyasi departamentinin direktoru Anar Şükürov bildirir ki, telekanalda jurnalistlər əvvəldən təlimatlandırılır: “Bizdə hər zaman çəkilişə çıxmamışdan qabaq müxbirlərlə mövzularla bağlı müzakirələr aparılır. Onlara hansı formada müsahibə alınacaq, necə danışılacaq, bu haqda əvvəldən təlimatlar verilir. Hətta pandemiya ilə bağlı, məsələn, “maskanı taxmırsız, bu sizə zərərli ola bilər, “qarşınızdakı adamı, yaxud evinizdə kimisə yoluxdura bilərsiz” kimi suallarla müraciət oluna bildiyini də deyirik. Amma mikrafonu tutum ki, “Niyə maska  taxmamısan”, “Bilirsən, səni cəza gözləyir” demək, təbii ki, qətiyyən olmaz. Cərimələyən polisdir, sualı verə biləcək şəxs də yalnız odur. Jurnalist heç kimə deyə bilməz ki, telefonu aç, görək, icazən var, ya yox. “Çölə çıxmısız icazə almısınızmı?” kimi suallar verə bilər. Amma onu nəyəsə məcbur etmək olmaz. Yəni bizdə belə bir şey olmayıb”. 

Afaq Mirayiq