Eldar Əzizov Bakıya yağan leysanın fəsadlarından DANIŞDI: “Gərək özümüzü sığortalayaq”
    • 28-09-2018, 13:00
    • 640

Eldar Əzizov Bakıya yağan leysanın fəsadlarından DANIŞDI: “Gərək özümüzü sığortalayaq”

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini, faktiki olaraq mer vəzifəsini icra edən Eldar Əzizov sentyabrın 23-də 40 dəqiqə ərzində Bakını gölə çevirən leysan xarakterli yağışın törətdiyi fəsadlarla bağlı açıqlama verib.

Eldar Əzizov  açıqlamasında bildirib ki, sentyabrın 23-də yağan yağış müəyyən mənada lokal xarakterli təbii fəlakətdir:

“Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də açıqlama verildi. 45 dəqiqə ərzində bir aylığın 122 faiz norması yağış yağıb. Zəif yerləri də müəyyən etdik, artıq tapşırıq verilib. Komissiya bu cür problemlərin yaşanma ehtimalı yüksək olan ərazilərdə araşdırma aparır. Çalışırıq və istəyimiz odur ki, gələcəkdə bu cür vəziyyətdən özümüzü sığortalayaq”.
 
Eldar Əzizov şəhərin mərkəzindəki ərazilərin satılaraq, yerində çoxmərtəbəli binaların tikilməsinin bu problemi daha da artırdığı barədə deyilənlərə də münasibət bildirib.
 
“Gəlin tələsməyək, komissiya yaradılıb, səbəbləri araşdırırlar. Yekun rəylə bağlı rəsmi açıqlama olacaq. Hadisələri qabaqlayıb məsələnin nədən ibarət olduğunu demək olmaz. Amma məlumdur ki, Almaniyada və digər Avropa ölkələrində də bu cür hadisələr baş verir. Ona görə biz səbəblərin obyektiv və subyektiv tərəflərini ayırmalıyıq. Hadisənin belə olma səbəbini aydınlaşdırmalıyıq və gələcəkdə belə hadisələrdən özümüzü sığortalamalıyıq”.


Eldar Əzizovun saytımızın “Bu kimi hallardan sığortalana biləcəyikmi” sualına cavabı belə olub:


“Tam həcmdə olmasa da, müəyyən mənada bunu etmək mümkündür”.


E.Əzizov Meriyanın hadisə ilə bağlı açıqlamasında “Azərsu” ASC-nin kollektorları gec işə salması ilə bağlı ittihamına da aydınlıq gətirib:


“Burada komissiyanın rəyi daha əhəmiyyətlidir. Məsələdə “Azərsu”, yaxud digər strukturların müəyyən payları ola bilər. Amma yekun nəticə üçün komissiyanın rəyini gözləməliyik. Qabaqlayıb yalnış məlumat verə bilmərəm”.
 
Qeyd edək ki, sentyabrın 23-də paytaxta yağan leysan yağışı Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti - Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətini iflic edib. “7A” və “7B” müntəzəm avtobus marşrutlarının içərisinə su dolduğundan bir neçə nəqliyyat vesitəsində etxniki nasazlıq yaranıb. Nəticədə onlarla sərnişin yağışın altında gözləməli olub.

//modern.az