Qadınlarda sidikqaçırma: nəyi bilməli?- Ginekoloq cavab verir
    • 28-09-2018, 18:00
    • 1 186

Qadınlarda sidikqaçırma: nəyi bilməli?- Ginekoloq cavab verir

Sidikqaçırma – sidiyin sidik kisəsindən qeyri-iradi, istəmədən xaric olmasıdır. Bu problem sağlamlığa bilavasitə təsir göstərməsə də, böyük narahatçılıqlar verir, həyat keyfiyyətini azaldır, daimi stress yaşadır. Pasientlərin əksəriyyəti utanır və bu barədə hətta həkim-ginekoloqla da danışmaq istəmirlər. Məhz buna görə də çoxsaylı yanlışlıqlar mövcuddur, hansı ki, qadına problemin həllində mane olur. Gərginlik sidikqaçırması demək olar ki, hamiləlik vaxtı bütün qadınlarda baş verir. O, öz-özünə keçib getmir, amma müalicə olunur. Həkimə nə zaman müraciət etmək lazım olduğu barədə  ali dərəcəli cərrah mama-ginekoloq Ramilə Abbaszadə ilə müsahibəmizdən oxuya bilərsiniz.
Gərginlik – stress mənşəli sidikqaçırma kimlərdə yaranır?
"Stress sidikqaçırması" zamanı qadında hətta azacıq gərginlikdən sonra da qeyri-iradi sidik ifrazı baş verir. Məsələn, güldükdə, öskürdükdə, asqırdıqda, hoppandıqda, qaçdıqda, ağırlıq qaldırdıqda... Bu, həyat keyfiyyətini pisləşdirir, qadının fiziki və sosial aktivliyini azaldır.
Lakin belə vəziyyət birdən-birə yaranmır. O, bir neçə il ərzində tədricən inkişaf edir. Əsas odur ki, utanmayasan, vaxtında həkimə müraciət edəsən.
Adətən, gərginlik sidikqaçırmasından qadınlar 30 yaşından sonra şikayətlənirlər. 60 yaşına problem artıq proqressivləşir. Sosial problem olduğu üçün, qadınlar hətta həkimlərə də həmişə inanmırlar. Çox vaxt həkim məhz qəbulda baxış zamanı xəstəliyə diaqnoz qoyur və pasientin diqqətini problemə yönəldir.
Təəssüflər olsun ki, qadınların təxminən 70%-i məsələ barədə danışmırlar, hesab edirlər ki, bu, normal vəziyyətdir və onunla barışırlar. Kimisi bez qoyur, kimisi digər gigiyenik prosedurlara qaçır. Həkimin vəzifəsi qadına başa salmaqdır ki, bu normal deyil, patologiyadır.
Diaqnozdan qorxmaq lazım deyil. İndiki dövrdə onunla zərif cinsin hər dördündən biri qarşılaşır. Əsas odur ki, digər xəstəliklərdə olduğu kimi, həkimə vaxtında müraciət edəsən. Ondan ötrü də ildə bir dəfə pasientlərə həkim-ginekoloqun profilaktik baxışı nəzərdə tutulmuşdur.
Tez-tez qəbulda həkim 30 yaşından yuxarı pasientlərə sidik ifrazı ilə bağlı problemlərin olması barədə sual verir.
Bəzən "yox" cavabında mən onlardan öskürmə, asqırma zamanı orqanizmdə nə baş verdiyi barədə soruşuram. Belə hallarda sidik xaric olurmu? Qadın "hə" cavabı verdikdə, daha ətraflı sorğu və baxış keçirirəm. Xəstəliyin ağırlığını və diaqnozu dəqiqləşdirib, müalicə təklif edirəm.
Gərginlik sidikqaşırması ilk dəfə hamiləlik vaxtı yarana bilər. Xəstəliyin əlamətlərini demək olar ki, hamı hiss edir. Sidikqaçırma problemi ilə qadınların 30-60%-i ilk dəfə hamiləlik vaxtı rastlaşır. Doğuşdan sonra sidikqaçırma adətən keçib gedir. Lakin 30 yaşından yuxarı, əgər həkimə müraciət etməsən, bu vəziyyət qayıdıb yenidən inkişaf edə bilər.
Hazırda informasiyanın artması səbəbindən pasientlər savadlı və hazırlıqlıdırlar. Çoxu utanmadan hər şeyi boynuna alır. Bu, sevindirici haldır. Amma biz həkimlər, yenə də çalışırıq başa salaq ki, xəstəliyin qarşısını necə almaq olar.
Gərginlik sidikqaçırmasının səbəbləri nədir?
Gərgonlik sidik saxlamazlığının iki əsas amili var. Birincisi – çanaq dibi əzələlərinin zəifliyi, ikincisi – çanaq dibi toxumalarına təzyiqin və yükün artması, hansı ki, bilavasitə sidikqaçırmaya səbəb olur.
Çanaq dibi əzələlərinin zəifləməsinə hamiləlik və doğuş səbəb olur. Bu göstəriciyə həmçinin doğuşların sayı, dölün ölçüsü (iri döldə sidikqaçırma daha çox rast gəlininr), doğuş zamanı fəsadlar (cırıqlar, kəsiklər, maşa) təsir göstərir.
Uşaqlığın çıxarılması və ya çanaq orqanlarında digər əməliyyatlar keçirən qadınlarda da çanaq dibi toxumaları zəifləyir.
Xəstəliyə irsi meylin də əhəmiyyəti var. Bu zaman bütün orqanizmdə, həmçinin aralıq, kiçik çanaq üzvlərində birləşdirici toxumanın anadangəlmə zəifliyi olur. Təəssüf ki, ağ qadınlar sidik saxlamazlığı ilə daha çox üzləşir.
Klimaks da sidik saxlamazlığa təsir edir. Qadın cinsi hormonları (estrogenlər) bu zaman qəflətən azalır. Uyğun olaraq, sidik-cinsiyyət sistemi toxumalarının elastikliyi pozulur və xəstəlik proqressivləşir. Klimaksda olan qadınların hamısı risk qrupuna daxildir. Buna görə də həkimlərin bu zaman təyin etdiyi əvəzedici hormonal terapiyaya barmaqarası yanaşmaq olmaz. Çünki bu eyni zamanda sidikqaçırmanın profilaktikasıdır.
Sidik saxlamazlığın inkişafının ikinci faktoru – çanaq dibi üzvlərinə və toxumalarına təzyiqin artmasıdır. Bu ağırlıq qaldırdıqda, həmçinin trenajorlarda nəzarətsiz məşq etdikdə ola bilər.
Toxuma və orqanlara qadının ümumi çəkisi də təsir edir. Artıq çəki sidik saxlamazlığa səbəb olur. Bir amil də tənəffüs yollarının uzunmüddətli öskürəklə müşayiət olunan xroniki xəstəlikləridir. Qəbizlik də ona səbəb ola bilər. Buna görə də qidalanmaya nəzarət etmıək lazımdır.
İrsi meyli olan insanlar xəstələnməmək üçün nə etməlidirlər?
Qidalanma və çəkiyə nəzarətdən başqa (həm hamiləlik zamanı, həm də hamilə olmadıqda), sidik-cinsiyyət orqanlarının iltihabi xəstəliklərindən qorunmaq lazımdır. İdmanı unutmamalı (eyni zamanda çanaq dibi əzələləriuni məşq etdirməklə), mədə-bağırsaq, tənəffüs sistemi xəstəliklərini və hormonal disbalansı vaxtinda müalicə etmək yaxşı olardı.
Yadda saxlamaq lazımdır ki, problem həll olunmazsa, o proqressivləşəcək. Stress (gərginlik) sidik saxlamazlığının bir neçə mərhələsi var: 0-dan 4-ə qədər. Əgər qadın sidikqaçırma ilə yaşayırsa və heç bir tədbir görmürsə, illər ötdükcə cinsi hormonların miqdarı azalır, vəziyyət daha da pisləşir. Stress sidikqaçırması öz-özünə keçib getmir.
Bəs sidik saxlamazlığını necə müalicə etməli?
Müalicə xəstəliyin mərhələsindən asılıdır. Başlanğıc mərhələlərdə müalicəvi idman təklif olunur. Qadın xüsusi məşqləri öyrənir və onu bütün həyatı boyu edir. Məşqlərə fizioterapevtik tədbirlər də əlavə olunur. Bunlar mexaniki və elektrostimullaşdırıcı trenajorlardı.
Amma məşq həmişə alınmır. Hamı uzun müddətdən sonra nəticə əldə etmək üçün hər gün məşq etmək istəmir. Belə qadınlar üçün digər müalicə üsulu – lazer var. Bu ağrısız müalicə kursu ginekoloq tərəfindən aparılır və sonralar hər iki ildən bir təkrarlanır.
Daha ağır mərhələlərdə sidikqaçırma yalnız cərrahi üsulla müalicə olunur.
Klimakterik dövrdə olan qadınlarda müalicə, əvəzedici hormonal terapiya ilə birlikdə kompleks şəkildə təyin olunur.
Dərmanla müalicə üsulları da var, lakin onların əlavə təsirləri çox olduğu üçün, nadir hallarda istifadə olunur.
Cərrahi müalicə barədə nə deyə bilərsiniz?
Cərrahi əməliyyata gəldikdə, slinq əməliyyatları – sidik kanalının altından qaldıran ilgək kömək edir. Bugünkü gündə bu ən etibarlı və öyrənilmiş müalicə üsuludur. Əməliyyat uzun çəkmir və əksər hallarda xəstəlikdən yaxa qurtarmağa kömək edir. Artıq ay yarımdan sonra aktiv həyat tərzinə keçmək olur. Qadınlarda gərginlik mənşəli sidik saxlamazlığında, bu üsul ən yaxşı nəticə verir. Hətta 10 ildən sonra da pasientlər sidikqaçırmanın tamamilə olmadığını və həyatdan razılıqlarını qeyd edirlər.

//millixeber.az