Ombudsmanın göstərişi ilə internat məktəbinə  başçəkmə həyata keçirilib - FOTO
    • 8-06-2020, 18:28
    • 603

Ombudsmanın göstərişi ilə internat məktəbinə başçəkmə həyata keçirilib - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Azərbaycan  Respublikası Təhsil Nazirliyinin Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.  

News24.az xəbər verir ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri–insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd yeni növ koronavirus infeksiyasının (COVID-19) yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlərin, saxlanma şəraitinin, uşaqlarla rəftarın, onların asudə vaxtlarının təşkilinin, habelə müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin yataqxanalarına, tibb məntəqəsinə, sinif otaqlarına, mətbəxə və digər inzibati otaqlara baxışlar keçirilib, habelə asudə vaxtın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı və sənədləşmə araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə olan 4 nəfər konfidensial qaydada dinlənilərək, hüquqlarının təmin olunma vəziyyəti yerində araşdırılıb.

Başçəkmə çərçivəsində MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyi və məsul əməkdaşlarla 18 may -18 iyun tarixlərində Müvəkkilin təşəbbüsü ilə respublikamızda elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının Uşaq hüquqları haqqında Qanunu əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, koronavirus epidemiyasından qorunmaq üçün sosial məsafə saxlanılmasına və gigiyena qaydalarına ciddi əməl olunmasına, uşaqlarla rəftar məsələlərinə dair tövsiyələr verilib.