İnsanların maskanı çənələrində saxlaması virusdan yox, CƏRİMƏDƏN QORXMALARIDIR - AÇIQLAMA
    • 10-06-2020, 12:49
    • 746

İnsanların maskanı çənələrində saxlaması virusdan yox, CƏRİMƏDƏN QORXMALARIDIR - AÇIQLAMA

Bu gün bütün dünya COVİD 19 pandemiyası ilə gərgin mübarizə aparır. Və bu virusdan qorunmağın yollarını hər birimiz beynimizə həkk etmişik. Tibbi maska və əlcəkdən istifadə gündəlik həyat tərzimizə sirayət edib. 

Amma ardı-arası kəsilməyən xəbərdarlıqlar, karantin rejiminin sərt formada tətbiqi, koronavirusa yoluxmuş xəstələrlə bağlı çoxsaylı reportajlar, görüntülər hələ də bəzilərini bu virusun varlığına inandıra bilməyib. 

Bu qənaətə gəlməyimizə səbəb isə insanların tibbi maskaları düzgün istifadə etməməsidir. Yəqin hər birinizin qarşısına maskası çənəsində və ya burnundan aşağıda olanlar çıxıb. Xüsusilə də ictimai nəqliyyat və metrolarda bu hala rast gəlinir. Kimisi ağzının, kimisi də çənəsinin üstünə maska taxmaqla kifayətlənir. Bəs görəsən ölkədə yoluxma sayının kəskin artdığı bir zamanda tibbi maskadan istifadə qaydası necə olmalıdır? İnsanların çənədə gəzdirdikləri maska cərimə, ya virus qorxusudur? 

Mövzuyla bağlı News24.az-a açıqlama verən həkim-ekspert Adil Qeybulla bildirib ki, maska taxmaq bizim gündəlik rasionumuza çevrilməlidir: "Maska taxmayan bir adam ətrafdakıları da təhlükəyə salır. Ən dəhşətli və qorxulu xəstələr məhz koronovirusu simptonsuz keçirənlərdir. Həmin şəxslərin ətrafdakılara virusu keçirməsi daha sürətli şəkildə baş verir. Belə olduğu halda ölüm sayı da çoxalır. Ümumiyyətlə, maskayla gəzməyi həyat tərzinə çevirməliyik. Maska taxarkən ağız və burun boşluğu tamamıilə bağlı olmalıdır. Boğazı ağrıyan, öskürən, asqıran, özünü diskanfort hiss edən zaman mütləq maska taxılmalıdır. Maska taxıldıqda ağız boşluğunda soyuma baş vermir. Bu zaman xəstə də tez sağalır. Virus təkçə istidə yox, insanın bədənində də yaşayır. Yavaş-yavaş bu vəziyyətə öyrəşib buna tolerant şəkildə yanaşmalıyıq. Təkcə özümüzün yox, hamının sağlamlığını düşünməliyik".

Mövcud vəziyyətlə bağlı News24.az-ın sualını cavablandıran psixoloq Gülnar Orucova insanların virusa tam da inanmadıqlarını bildirib və maskanı düzgün istifadə etməməyi də buna bağlayıb: "Bir çox insanların maska taxması virusdan qorunmaq üçün deyil, məhz cəriməyə düşməsinlər deyə istifadə edirlər. Həmin şəxslər hələ də xəstəliyin ciddiyyətini dərk etmirlər. Əslində insanlar maskadan düzgün istifadə qaydalarını bilirlər, sadəcə bu xəstəliyə inanmadıqları üçün qoyulan qaydalara əməl etmirlər. Maskanın taxılma müddəti iki saat olmağına baxmayaraq günlərlə, həftələrlə eyni maska taxılır. Yalnız metroya daxil olanda taxılır, sonra isə çıxarılır. Yoxulma sayının çox olmasına səbəb insanların gigiyenik qaydalara düzgün qayda da əməl etməməsidir".

Sona Əsgərova