Azərbaycanda 20-yə yaxın şagird qızdırması olduğu üçün İMTAHANA BURAXILMADI
    • 10-06-2020, 16:51
    • 854

Azərbaycanda 20-yə yaxın şagird qızdırması olduğu üçün İMTAHANA BURAXILMADI

Dövlət İmtahan Mərkəzi iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib. İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.

DİM-dən News24.az-a verilən məlumata görə, ilkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.