COVİD -19 və vətəndaş məsuliyyəti - Ruhi Əliyevadan ÇAĞIRIŞ
    • 12-06-2020, 17:12
    • 1 006

COVİD -19 və vətəndaş məsuliyyəti - Ruhi Əliyevadan ÇAĞIRIŞ

İş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva koronavirus pandemiyası ilə bağlı vətəndaşlara müraciət edib.

News24.az həmin müraciəti təqdim edir: 

Əziz həmvətənlər, hazırda cəmiyyətimiz Covid-19 virusunun mövcud olub-olmaması ilə bağlı iki hissəyə bölünüb:  virusa inanlar və inanmayanlar. Bəzi insanlar hesab edir ki, bu virus dünyanın yenidən bölüşdürülməsi, yeni dünya düzəninin formalaşdırılması üçün ortaya atılmış oyundan başqa bir şey deyil. Digərləri isə hesab edir ki, bu, ciddi qəbul edilməli bir xəstəlikdir və dünyada pandemiya halında yayılaraq çox ciddi problemlərə aparıb çıxarır.  

Əslində, Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq, ilk gündən, yəni xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl onun ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Nəticədə dövlətlətimizin gördüyü tədbirlər sayəsində virusun ilk vaxtlarda ölkə ərazisində kütləvi şəkildə yayılmasının qarşısı alındı.  Amma bununla bağlı ölkə başçısı İlham Əliyev çıxış edərkən qeyd etdi ki, bu, tək dövlətimizin öhdəsindən gələcəyi bir məsələ deyil. Bununla prezident vətəndaş məsuliyyətinin zəruriliyini göstərdi. Cənab prezident nə dediyini yaxşı bilirdi. O, virusun tam lokallaşdırılmasının ancaq vətəndaşların köməkliyi ilə mümkün olacağını bəyan etdi. Bu xəstəliyin mövcudluğunun inkar olunması artıq ağılsızlıqdır. Ümumdünya iqtisadiyyatına dəymiş trilyon dollarlarla ziyan heç bir gücün öhdəsindən gələrək oyun halına gətirəcəyi bir məsələ deyil.

Əslində ortaya atılmış bu oyun söhbəti dünya liderlərinin heç birinə lazım deyil. Sadəcə, bu məsuliyyətsiz insanların uydurduğu bir şayiədir. Lakin həmin şəxslər anlamalıdırlar ki, bu şayiələr cəmiyyətdə birmənalı qarşılanmır və insanlar arasında ciddi çaşqınlığa, bəzən də narazılığa səbəb olur. Son günlər Azərbaycanda bu xəstəliyin artım dinamikası və yayılma sürəti, ölənlərin sayının çoxluğu hər birimizi narahat etməklə yanaşı, həmçinin ciddi təşvişə salmalıdır. Bu, bütün insanlar üçün ilk və təhlükəli siqnaldır. Ölkəmizdə karantin rejminin yumşaldılması vətəndaşlarımızı daha məsuliyyətli etməlidir. Anlamalıyıq ki, bu xəstəlikdən qorunmaq ilk əvvəl bizim özümüzə və doğmalarımıza lazımdır. Biz öz məsuliyyətimizi dərk etməli, özümüzlə yanaşı ətrafda olanları da düşünməliyik.

Bizim məsuliyyətsizliyimizin bədəlini kənar şəxslər ödəməməlidir.  Bəzi şəxslər karantin qaydalarını pozmağa görə tətbiq edilən cərimələrin məbləğindən narazılıq edirlər. Əslində biz özümüz, ailəmiz, sevdiklərimiz üçün o qədər məsuliyyətli olmalıyıq ki, həmin cərimələrin tətbiqinə ehtiyac yaranmasın. Yəni, bu xəstəliklə mübarizədə dövlətin inzibati metodlarının tətbiqi bizə gərək olmamalıdır. Bu, İspan qripindən yüz il sonra insanlıq üzərinə gələn ən böyük bəlalardan biridir və bizim bu bəladan xilas olmağımızın yeganə yolu var: Vətəndaş məsuliyyəti. Ancaq birlikdə vətəndaş məsuliyyəti nümayiş etdirməklə Covid-19-a qalib gələ bilərik.  Ümumdünya Səhiyyə Təşkilatı və dövlətimiz bəyan edib: Maska, sosial məsafə, şəxsi gigiyena. Əgər bu gün ölkə başçısı qapalı məkanlardakı tədbirlərə maska ilə gəlirsə, biz bundan nəticə çıxarmalı, ölkənin birinci şəxsinin məsuliyyətindən nümunə götürməliyik. Başqa yolumuz yoxdur.  Dəyərli həmvətənlər, bizlər dövlətimizin bu məsələ ilə bağlı qəbul etdiyi qərarlara ciddi əməl etməli, həmrəylik nümayiş etdirməklə bu bəlanı birlikdə dəf etməliyik. Bu yolda hər birinizi məsuliyyətli və diqqətli olmağa çağırıram. Allah Azərbaycanımızı qorusun!