Neftin qiymətinin artması Azərbaycan üçün nə deməkdir?
    • 2-10-2018, 15:54
    • 1 403

Neftin qiymətinin artması Azərbaycan üçün nə deməkdir?

Neftin qiymətinin artması onun 2015-ci ildən sonra ilk dəfə 100 dollara çatacağına nişan verir.
Xam neftin barel qiyməti üçüncü rübdə 82.72 dollara çatıb. Bu, son dörd ilin ək yüksək səviyyəsidir. Xam neftin barrel qiyməti ilin əvvəlindən 24 faiz artıb.
Xam neftin dünya bazarında qiymətinin artması neft ixracaatçı Azərbaycan üçün gəlirlərin artması demək olacaq, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BBC Neüs Azərbaycancaya deyir.
O əlavə edir ki, neftin qiymətinin qalxması həm də höklumətin xərclərin artması deməkdir: "Bu xərclər isə son 15 ilin müşahidələrinə görə, ölkənin abadlaşdırılması, infrastruktur, meqa layihələrə yönəlir".
ABŞ xam neftinin qiyməti ilin əvvəlindən 21 faiz artaraq 73 dollara yüksəlib.
ABŞ-ın İrana sanksiyalar qərarının tətbiq olunması üçün son tarix 4 oktyabrdır. Bununla İranın neft təchizatında ciddi azalma müşahidə oluna bilər.
Buna görə də neft qiymətinin bu tarixdən sonra daha çox yüksələcəyi gözlənir.
OPEC-in istehsalı eyni səviyyədə saxlama qərarını verməsi sərmayədarların neft qiymətlərini qaldıracağını təxmin etməyə yol açır.
Venesuelada neft istehsalının pozulması yaxın vaxtlarda təchizatda azalmalara səbəb ola bilər.
Səudiyyə Ərəbistanı İranın neft bazarında yaradacağı azalmanı kompensasiya edə biləcəyini desə də, bəzi təhlilçilər son vaxtlarda hazırda İran tərəfində təchizatın azaldığını və böyük tədarükçülərin istehsalı artırdığını və buna görə də neftin ehtiyat tutumunun azaldığını deyir.
Bütün bunlara görə, neft qiymətlərinin yanvar ayında 100 dollara çatacağına dair fikirlər möhkəmlənib.
Bəs, neftin qiymətinin yenidən 100 dollara qalxması dünya iqtisadiyyatı üçün nə deməkdir?
ABŞ-da yerləşən Bloomberg xəbər agentliyi son xəbərində bu suala cavab verib.

1. Dünya iqtisadiyyatının böyüməsi üçün nə deməkdir?

Artan neft qiymətləri ev təsərrüfatı gəlirlərini və istehlak xərclərini vura bilər.
Xüsusilə Avropada bir çox ölkənin neft istehsalçısı olduğu nəzərə alınsa, bu regionun "kövrək" olduğunu deyə bilərik.
Dünyanın ən böyük neft idxalçısı olan Çində də inflyasiya arta bilər.
Şimal yarımkürəsində qış mövsümünün başlaması ilə istehlakçılar enerji xərclərini azaltmaq üçün bioyanacaq və ya təbii qaza üz tuta bilərlər.
Lakin iqtisadçılar qlobal iqtisadiyyatın ziyan görməsi üçün neft qiymətinin 100 dolları ötməsinin lazım gəldiyini deyir.
Bloomberg-in araşdırmasına görə, neft qiymətlərinin yüksəlməsi qlobal iqtisadi artıma nə qədər zərər versə də, bunun təsirlərinin 2011-ci ildəki qədər ağır olması gözlənmir.

2. Yüksək neft qiytmətlərindən kim udacaq?

Bu, neft istehsalçısı olan bir çox ölkə üçün xeyirli olacaq.
Ümumiyyətlə, böyük neft istehsalçısı ölkələri inkişafda olan bazar kateqoriyasında yer alır.

2016-cı ilin məlumatlarına görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatının 21 faizini neft gəlirləri təşkil edir.
Bu, Rusiyada neftin oynadığı rolun iki qatı deməkdir.
Daha sonra bu işdən ən qazanclı olan ölkələr Nigeriya və Kolumbiya olacaq.

3. Kim uduzar?

Bloomberg-ə görə, Hindistan, Çin, Tayvan, Şili, Türkiyə, Misir və Ukrayna ən böyük zərər görən ölkələr ola bilər.
Neft üçün daha çox pul ödəmək məcburiyyətində qalmaqları bu ölkələrin hazırki kəsirlərini artıracaq və Amerika Mərkəzi Bankının faiz artırımları qarşısında daha "kövrək" vəziyyətə salacaq.
Bəzi qazananların itkiləri də ola bilər: Avropanın ən böyük neft istehsalçısı olan Norveçin mərkəzi bankının qubernatoru Oystein Olsen sektorun mənfəəti artırmaq məqsədilə büdcədə yarana biləcək kəsirlərə diqqət edilməzsə, ziyana düşə biləcəklərini deyib.

4. Dünyanın ən böyük iqtisadiyyatı üçün nə deməkdir?

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da qaya qazı istehsalındakı artım sayəsində yüksələn neft qiymətlərinin təsirlərinin daha az olacağı gözlənir.
ABŞ-da neft idxalından asılılığın azalması ümumi sektora müsbət təsir göstərsə də, yoxsul evlər nasos qiymətləri səviyyəsində itkilərlə üzləşə bilər.

5. Dünya miqyasında inflyasiyaya yol aça bilərmi?

İstehlak qiymətləri indekslərində enerji qiymətlərinin əhəmiyyətli ağırlığı var. Buna görə də mərkəzi banklar enerji qiymətlərində aşağı dəyişkənliyə diqqət edirlər.
Lakin neft qiymətlərində böyük artım hesablamalara nəqliyyat və ictimai xidmətlərdən daxil olarsa, ümumiyyətlə inflyasiyanın artmasına səbəb ola bilər.

6. Mərkəzi banklar üçün nə deməkdir?

Neft qiymətlərində yüksəliş inflyasiyanın artmasına gətirib çıxararsa, mərkəzi bankların öz zəif pul siyasətlərini davam etdirməsinə səbəb az olacaq.
Hindistanın Mərkəzi Bankı səlahiyyətliləri ölkənin ən böyük idxal maddəsi olan neft qiymətlərinin artdığını qeyd edib.
Tayland, İndoneziya, Filippin və Cənubi Afrika kimi ölkələrdə pul siyasəti daha sürətlə artırıla bilər.
Bəs bu, Azərbaycan üçün nə deməkdir?
"Neftin qiymətinin artması Azərbaycan üçün əvvəllər nə demək idisə, indi də elə olacaq", Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir.
O, BBC News Azərbaycancaya açıqlamasında deyir ki, neftin qiymətinin qalxması höklumətin xərclərin artması deməkdir: "Bu xərclər isə son 15 ilin müşahidələrinə görə, ölkənin abadlaşdırılması, infrastruktur, meqa layihələrə yönəlir".
İlham Şaban hesab edir ki, hökumət neft gəlirlərini yenə də birbaşa əhaliyə hesablanmış layihələrə xərcləməyəcək: "Təəssüf ki, biz neft gəlirlərinin əvvəlki illərlə müqayisədə fəqli strategiyada xərcləndiyini, vətəndaşların sağlamlığına, yaşayışına, işlə təminatına birbaşa təsir edəcək layihələrin həyata keçirildiyini görə bilmirik. Siz fikir verin, neft gəlirləri artdıqca, adamlarda da depressiya artır".
Neft məsələləri üzrə təhlilçi vurğulayır ki, neft gəlirlərinin artması yenə daha çox "hökuməti varlandıracaq, nəinki vətəndaşı".

//BBC