Müəmmalı qətlin tarixçəsi - Müşfiq Abbasov yazır
    • 1-07-2020, 15:33
    • 1 536

Müəmmalı qətlin tarixçəsi - Müşfiq Abbasov yazır

Bu cinayət hadisəsi təxminən 8 il əvvəl Ağstafa rayonunda baş verib. O vaxt mən Hərbi Prokurorluğun Ağır Cinayətlərə Dair İslər üzrə İstintaq İdarəsinin mühüm islər üzrə böyük müstəntiqi vəzifəsində isləyirdim.

Qış aylarının birində gecə saatlarında Ağstafa rayon polis söbəsinin növbətçi hissəsinə zəng gəlir. Zəng edən şəxs rayonun Qırlı kəndinin girəcəyində, körpünün yanındakı yanacaqdoldurma məntəqəsində operator işlədiyini, adınin Amil olduğunu, az əvvəl yanacaqdoldurma məntəqəsində bir nəfərin ona hücum etdiyini, lakin hücum edən şəxsin əlindəki avtomat silahı aldığını, həmin şəxsin isə oradan qaçdıgını bildirib polisləri hadisə yerinə çağırmışdı. Rayon polis şöbəsindən həmin yanacaqdoldurma məntəqəsinə təxminən 15 dəqiqəlik yoldur. 

Polis əməliyyatçıları yanacaqdoldurma məntəqəsinə çatanda bir nəfərin yanacaqvurma aparatının yanında üzü üstə yerə yıxıldıgını görürlər. Həmin səxs Amil idi. Onun bədənində 3 güllə yarası vardi. Güllələrdən biri onun üzünə dəymişdi və demək olar ki, sifətini dağıdıb tanınmaz hala salmısdı. 

Polislər hadisə barədə Ağstafa rayon prokurorluğuna məlumat verdilər. Həmin gecə prokurorluğa yeni gəlmiş müstəntiq Fikrət Həsənov (mənim tələbə yoldaşım) hadisə yerinə baxış keçirdi. O, çox savadlı və bacarıqli müstəntiq idi. Hadisə yerini müayinə edərkən Amilin meyitinin yanından 3 ədəd, meyitdən təxminən 30 metr aralıda isə 1 ədəd giliz tapdı. Gilizlər 7,62 mm kalibirli idi. 

Qeyd edim ki, bu kalibrli güllələr avtomat silahlarda istifadə olunur. Gilizlər qablaşdırılaraq ekspertizaya göndərildi. Yanacaqdoldurma məntəqəsi Qırlı kəndinin girisində oldugundan ətrafında heç bir ev yox idi. 

Əgər Amil avtomatı ona hücum edən şəxsin əlindən almışdırsa, bəs, onu kimlər və necə öldürmüşdü? Müstəntiq Fikrət Həsənov hadisə yerindən qara rəngli VAZ-2106 markalı avtomobilin yanacaq çəninin qapağını tapmışdı. Yanacaqdoldurma məntəqəsindəkı otağa baxış keçirərkən stolun üstündə 270 manat, Amilin şalvarının cibində isə 80 manat pul tapılmışdı.

Amil həmin yanacaqdoldurma məntəqəsində təxminən 5 ay olardı ki, işləyirdi. Orada növbəlilik əsasında başqa bir nəfər də isləyirdi. Bu, Amilin həmkəndlisi - Qırlı kəndində yaşayan Rüstəm idi. Rüstəm Amildən 5 yaş kiçik idi. Əslində hadisə baş verən gün gecə növbəsində Rüstəm olmalı idi. Lakin Rüstəm həmin gün Amilə səhhətində problem olduğunu deyib onunla növbəsini dəyişmişdi. 

Amil sakit təbiətli oğlan idi, kasıb ailədə böyümüşdü. Ondan 4 yaş böyük qardaşı Akif bir neçə il əvvəl Bakıda adam öldürdüyünə görə həbs olunmuşdu. Amil evli idi, 5 və 7 yaşında iki uşağı vardı, həyat yoldaşı Rəhimə isə rayonda uşaq bağçasında tərbiyəçi işləyirdi.

İlkin araşdırma zamanı müəyyən olundu ki, Amilin şəxsən heç kimlə ədavəti olmayıb. Onun mobil telefon nömrəsinə daxil olan və çixan zənglər araşdırıldı. Lakin bunlar müstəntiq Fikrət Həsənova işin açılması üçün heç nə vermədi. Rayon ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı  qara rəngli "VAZ-2106" markalı avtomobil müəyyən olunmadı. 

Yanacaqdoldurma məntəqəsi kənddə yerləşdiyinə görə hansısa bir müşahidə kamerası qoyulmamışdı və bu da müstəntiqin işini çətinə salmışdı.

Maraqlı o idi ki, Amil polisə zəng etdikdən 5-10 dəqiqə sonra öldürülmüş və o, telefonda cinayətkardan avtomatı aldığını desə də, hadisə yerinin müayinəsi zamanı orada hansısa silah aşkar edilməmişdi. Demək cinayətkarlar avtomat silahı özləri ilə aparmışdı. Lakin yanacaqdoldurma məntəqəsində olan pulun aparılmaması cinayətin tamah məqsədi ilə törədilməsini istisna edirdi. 

Müstəntiq isə cinayətin açılması üçün gecə-gündüz dayanmadan çalışırdl. O, müxtəlif fərziyyələri araşdırırdı. Cinayətin qisas məqsədi ilə törədilməsi, Amilin tamah məqsədi ilə öldürülməsi, namus üstündə qətl və sair. O, Amilin qardaşının Bakıda törətdiyi cinayəti də nəzərindən qaçırmamışdı və məncə, bunda haqlı idi. Lakin onun istintaqdan anlayışı olmayan prokuroru cinayətin açılmasına kömək etmək əvəzinə yanacaqdoldurma məntəqəsinin sahibi ilə "işləməkdə" maraqlı idi. Çox təəssüf ki, hüquq-mühafizə orqanlarında belə prokurorlar da var. Amma Fikrətin bu cinayət işinə can qoymağı həm onun qrup yoldaşı, həm da dostu kimi mənim üçün qürurverici idi...

(Ardı var)

Müşfiq Abbasov