Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbəsi ləğv edildi - YENİ TƏYİNATLAR
    • 2-07-2020, 13:36
    • 878

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbəsi ləğv edildi - YENİ TƏYİNATLAR

Azərbaycan Respublikasının prokurorluq orqanlarında yeni strukturun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Bakı şəhər prokurorluğunda institusional struktur dəyişiklikləri davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili Təhlükəsizlik şöbəsi ləğv edilib, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinə birləşdirilib və bununla əlaqədar bir sıra vəzifələrə təyinatlar həyata keçirilib.

Belə ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Natiq Eyvazov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi, Səbuhi Alıyev isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Həmçinin, Baş prokurorun imzaladığı əmrlərlə Günay Əyyubova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini vəzifəsinə təyin edilib, Zaur Axundzadəyə isə Bakı şəhəri Pirallahı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı əmrlərlə Mobil Şəfiyev və Mürvət Həsənov Bakı şəhər prokurorunun müavini, Pərvin Quliyev Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin, Rövşən Əliyev Təşkilat və icraya nəzarət idarəsinin, Cəlaləddin Axundov Prokurorluqda istintaqa nəzarət idarəsinin, Əmir Qaloyev Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.