“Müdafiə Nazirliyinin mətbuat xidmətinin gücləndirilməsinə ehtiyac var”- MİLLƏT VƏKİLİ
    • 16-07-2020, 17:33
    • 717

“Müdafiə Nazirliyinin mətbuat xidmətinin gücləndirilməsinə ehtiyac var”- MİLLƏT VƏKİLİ

Artıq bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Hazırda cəbhə bölgəsində baş verən hər bir fakt, hadisə diqqət mərkəzindədir və hər kəs cəbhədə baş verənlərdən xəbərdar olmaq istəyir. Amma son günlər Müdafiə Nazirliyi təsdiqini tapmamış məlumatların mediada və sosial şəbəkələrdə yayımlanmasını mənfi hal kimi qiymətləndirib, bunun Dövlətin maraqlarına zidd olduğunu bəyan edib. Bəs görəsən, Azərbaycanda hərbi mövzularda yazan jurnalistlər yetişdirilirmi? Eyni zamanda, müharibə şəraitində sosial şəbəkələr necə tənzimlənməldir? 

News24.az bu və digər suallarla bağlı ekspertlərə müraciət edib.    

“Axı biz şəhid vermişik- hər kəs təfərrüat istəyir”

Bizimlə söhbətdə hərbi ekspert Azad İsazadə qeyd edib ki, müharibə şəraitində əhalidə böyük maraq yaranır, onlar qısa məlumatlarla kifayətlənmirlər: “Müdafiə Nazirliyi operativ olaraq birinci məlumatı yayır. Bu qurum hərbi qurumdur, o yalnız real faktı quru dillə açıqlayır. Axı biz şəhid vermişik, əhaliyə onlarla bağlı daha ətraflı məlumat lazımdır. İnsanlarda psixoloji tələbat var, nə baş verib, necə olub, yəni daha təfərrüatlı bilmək istəyirlər. Kiçik bir misal deyim. Küçədə iki maşın toqquşanda maşınlar sürəti azaldır, hamı ora baxmaq istəyir, məlumat almaq istəyir. Deməli, o tələbatı necəsə ödəmək lazımdır. Jurnalistlər də öz funksiyalarını yerinə yetirirlər. Harda nə məlumat əldə edə bilirlərsə, onu yayımlayırlar, sosial şəbəkələrdə geniş imkan yaradıb. Məlumat düzdür-səhvdir, yoxlanılıb- yoxlanılmayıb, fərq eləmir”. 
A.İsazadə hazırda jurnalistlərin maarifləndirməyə ehtiyac olduğunu deyib: “Müharibənin qızğın vaxtında, 1992-1995-ci illərdə Müdafiə Nazirliyində işləmişəm. Fikrimcə, jurnalistlərə treninqlər təşkil etmək lazımdır. Nəyi necə yazmağı izah etmək lazımdır. Burda söhbət yalnız düz və ya yalan xəbərlərin verilməsindən getmir. Burda terminlərdən düzgün istifadə edilməsindən də gedir.  Sadə bir misal, BTR-lə tankın arasında fərq nədir, bunu bilmək lazımdır”. 

A.İsazədə onu da vurğulayıb ki, yalnız jurnalistlər deyil, cəmiyyətin maariflləndirməyə ehtiyac var: “Jurnalistlər cəbhə bölgəsinə gedirlərsə, sözsüz ki, bu  Müdafiə Nazirliyinin mətbuat xidmətinin icazəi ilə olmalıdır. Onlar getməmişdən əvvəl təlimatlandırılmalıdırlar. Nəyi demək olar, nəyi olmaz. Niyə olmaz, o da izah olunmalıdır. Jurnalistin özbaşına cəbhə bölgəsinə getməsi düzgün deyil. Amma reallıq belədir ki, jurnalist cəbhə zonasına getməsinə bəzən ehtiyac qalmır. Cəbhə zonasında yaşayan hər bir gənc telefonla çəkib göstərə bilər. Belə kadrları da son günlər gördük. Deməli, jurnalistə hər hansı qadağaları qoya bilərik, amma sosial şəbəkə istifadəçilərini  nəzarət altına götürmək olmur. Bu daha təhlükəlidir. Deməli, bütünlükdə  insanlar arasında maarifləndirməyə ehtiyac var”.     

“Bəzi jurnalistlər şoumen kimi çıxış edir”

“Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanov isə deyib ki, hazırda hən Azərbaycan jurnalistikası, həm də sosial media seqmentində ciddi problemlər yaşanır: “Müəyyən boşluqlar var. Bunlara diqqət edib, aradan qaldırmaq lazımdır. Bizdə jurnalistika daha tez panikaya düşür. Bu da hərbi sahədə işləyən jurnalistlərin sayının az olması və ya hazırlıq səviyyəsinin zəif olmasından irəli gəlir. Məsələn, bir misal çəkim, bir neçə gün öncə bizim mətbuat düşmənin sosial mediada yaydığı 66 nəfərin ölüm siyahısını dərc etdi. Düşmən bunu məqsədli şəkildə edib, bu, Ermənistanın aprel döyüşlərində itkilərinin bir qisminin siyahısıdır.  Erməni sosial aktivləri paylaşıb yazır ki, Azərbaycan mətbuatı cəmiyyəti aldadır, 2016-ci ildə olan faktları sırıyırlar. Belə məlumatların yayılması bizim medianın nüfuzuna zərər gətirir. Hərbi jurnalistikada bir anlayış var, müharibə toy-bayram meydanı deyil. Burda ölüm var, öldürmə var. Təəssüf ki, bəzi jurnalistlər şoumen kimi çıxış edir. Düşmənin sosial şəbəkəsi və mediası son iki gündə çox təşkilatlanmış və məsələlərə soyuqqanlı şəkildə yanaşırlar. Ümumiyyətlə hərbi mövzulara soyuqqanlı yanaşmağın tərəfdarıyam”. 

Baş redaktorun sözlərinə görə, Azərbaycanda nə universitetdə, nə də hərbi məktəbdə hərbi jurnalistika adlı ixtisas mövcuddur: “Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən 5 ildir analoji sahədə kurslar təşkil olunub. Təəssüf ki, o kurslarda iştirak etmiş, buranı bitirmiş, diplomlu, hətta Türkiyədə “Anadolu” Agentliyinin kurslarında da iştirak etmiş jurnalistlər kənarda qalıblar, döyüş bölgələrinə buraxılmırlar. Əksinə, hay-küyçü, ömrü boyu hərbidən xəbəri olmayan insanlar bu gün həm Bakıdan, həm cəbhə bölgəsindən canlı yayım edirlər. Tovuzda əhalinin toplaşdığı yerlərdən çəkiliş edən telekanallarımızı, digər media qurumlarını gördüm. Bu əslində yolverilməz haldır, onları təcili şəkildə həmin ərazidən çıxarmaq lazımdır, çünki canlı yayım gedən ərəfədə düşmın tərəfindən toplaşma nöqtələrinin vurulması baş verə bilər, bilməyərəkdən yüzlərlə insanın həyatına son qoya bilər. Sosial şəbəkə istifadəçiləri, bloqqerlər hərbi texnika ilə bağlı şəkilləri paylaşırlar, düşmən bundan da istifadə edə bilər. Bizim mediamız müharibə şəraitinidə işləməyə hazır deyil. Müdafiə Nazirliyinin bir neçə dəqiqədən bir yaydığı məlumatla kifayətlənməməli, cəmiyyətə fayda verə biləcək , dövlət maraqlarına fayda verə biləcək mövzular var. Jurnalistlər yalnız pres-relis yaymaqla məşğuldur”. 

"Kim deyir, hərbi sahədən yazan jurnalstimiz yoxdur?"

Millət vəkili Aqil Abbas isə hesab edir ki, Azərbaycanda hərbi sahədə bilgisi olan jurnalistlər var: “Bizdə hərbi jurnalistlər var, hətta ad da çəkə bilərəm. Biz yeni müstəqil dövlətik, istədiyimiz səviyyədə ola bilməz. Düzdür, 30 ildir, müharibənin içindəyik, amma Rey Kərimoğlu, Səxavət Məmməd, Zaur Əhməd hərbi sahədə yazan jurnalistlərdi. Bu siyahını artıra da bilərəm. Hətta “Yeni Müsavat” qəzeti də jurnalistlərini göndərib cəbhə bölgəsinə. Amma düşünürəm ki, müharibə gedən hər hansı ölkədə yalnız bir yerdən informasiya verilməlidir. O da Müdafiə Nazirliyinin mətbuat xidmətidir ki, informasiya ötürülməsi işində hamını qabaqlamalıdır. Bütün qəzetləri, saytları, hətta sosial şəbəkəni də. Elə güclü işləməlidir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin bu dəqiqə gücləndirilməsinə ehtiyac var”.   

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşovdan da münasibət öyrəndik, o, mövzu ilə əlaqədar fərqli cavab verib:  
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli jurnalistlərə müsahibəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının ən müxtəlif tərəflərinə dair fikirlərini səsləndirdi. Bu, cəmiyyətdə, vətəndaşlarda əminlik yaradır. O anlamda ki, Prezident gələcəkdə də insanlarımızı narahat edən tendensiyalara münasibətdə barışmaz olacaq. Biz görürük ki, barışmır da. Onun apardığı struktur və kadr islahatları bunu təsdiqləyir. Heç şübhəsiz ki, islahatlar davamlıdır. Bu isə Azərbaycan xalqının rifahına, daha yaxşı yaşamasına olan ali təminatdır. 
Prezident həmçinin Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də izah etdi. Xarici siyasətimizdəki 2 əsas xətti gördüm. Bunlardan birincisi bütövlükdə beynəlxalq siyasi proselərin kontekstində Azərbaycanın mövqeyi, xüsusən də enerji siyasəti, Avropaya inteqrasiya məsələləridir. Digər məqam isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi-diplomatik fəaliyyətdir. Cənab İlham Əliyev müsahibəsində hər iki məsələyə yetərincə əhatəli yanaşdı. Ölkəmizin xarici siyasətdəki dayanıqlılıq faktorlarını açıqladı. Təbii, Dağlıq Qarabağ münaqişəsi başlıca hədəfdir. Ümumən ölkəmiz enerji sahəsindəki üstünlüyünü münaqişənin ədalətli həlli yolundakı diplomatik fəaliyyətə kifayət qədər bacarıqla tətbiq edir. Bu, xarici siyasətimizin mühüm təsir qüvvəsi, prinsipiallıq dayağıdır. Cənab İlham Əliyevin düşüncələri, açıqladığı fikirlər də bundan xəbər verir. 
İstənilən cəmiyyət ədalət axtarışındadır. Fərqi yoxdur, inkişaf etmiş olsun, ya inkişaf etməkdə olan. Əlbəttə, müəyyən mənada bu anlayışın özü də nisbidir. Ancaq nəzərə alaq ki, geniş ictimaiyyətin, toplumun baxışlarındakı ədalətin kökü həmin toplumun milli-mənəvi dəyərlər sisteminə, ənənələrinə söykənir. Cənab Prezident müsahibəsində bu cəhətlərə kifayət qədər incəliklə toxundu. Onun fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsidir. Dövlət başçısı bəyan edir ki, bu münasibət dövlət idarəçiliyinin qayəsini təşkil etməlidir. Hesab edirəm ki, hər bir məmur, vəzifəli şəxs gələcək fəaliyyətini cənab İlham Əliyevin müsahibədə səsləndirdiyi fikir və düşüncələrdən ciddi nəticə çıxararaq qurmalıdır”. 

Afaq Mirayiq