Rusiya azərbaycanlıları Azərbaycan dövlətinə dəstək nümayiş etdiriblər
    • 17-07-2020, 14:45
    • 354

Rusiya azərbaycanlıları Azərbaycan dövlətinə dəstək nümayiş etdiriblər

Moskva vilayətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin Rusiya paytaxtında toplantısı keçirilib. 

News24.az xəbər verir ki, tədbirdə Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklərə, Ermənistanın Azərbaycana qarşı təxribatına münasibət bildirilərək Azərbaycan dövlətinə dəstək nümayiş etdirilib. 

Azərbaycan Milli Mədəni Müxtariyyətinin sədri Elşən İbrahimov Rusiya azərbaycanlılarının bu təxribatı pislədiyini və Azərbaycan Respublikasının haqq səsinin Rusiya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni edəcəklərini deyib. O vurğulayıb ki, Rusiya azərbaycanlıları Azərbaycanın yanındadırlar.

Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev isə qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz fəaliyyətsizlikləri ilə qurumun səmərəsizliyini artıq sübuta yetiriblər: "ATƏT-in Minsk Qrupu sanki fəaliyyətini dayandırıb. Ortada bir iş yoxdur. Qarabağ probleminin həll olunması üçün bu qurum yenidən formalaşmalıdır".

Digər natiqlər də bu günlərdə dünya azərbaycanlılarının həmrəyliyinin vacib olduğunu söyləyərək siyasi və şəxsi maraqların kənara qoyulmasını, hər kəsin bir yumruq şəkilində dövlətimizin ətrafinda birləşməsini məqsədəuyğun sayıblar. 

Tədbirin sonunda Azərbaycan Respublikasının rəhbərliyinə müraciət qəbul olunub, Rusiya azərbaycanlılarının Azərbaycan dövlətinə dəstəyi ifadə edilib.