"Kiçik oğlumun "Atamın təyyarədə yatmağa yeri varmı?" sualı qarşısında acizəm" Pilot Rəşad Atakişiyevin xanımı  - MÜSAHİBƏ
    • 24-07-2020, 10:07
    • 3 209

"Kiçik oğlumun "Atamın təyyarədə yatmağa yeri varmı?" sualı qarşısında acizəm" Pilot Rəşad Atakişiyevin xanımı - MÜSAHİBƏ

Ötən il, tam da bu gün, iyulun 24-ü günorta saatlarında hərbi təlimlər zamanı polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsinin qəzaya düşdüyü xəbəri gəldi. Tam da bir il bundan əvvəl Rəşad Atakişiyev üçün adi iş günlərindən biri idi bu tarix, bu gün və bu saat... Ayın 29-u ezamiyyətə çıxmalı olan pilot həmin günlərdə evdə "ezamiyyət öncəsi çox uçmaq istədiyini" deyir və gedir. Və bu onun evdən sonuncu çıxışı olur...  
Bu gün Rəşad Atakişiyevsiz günlərin tam da 365 günü tamam olur... Ondan qalan xatirə iki oğul balasıdır.  Pilotun ildönümünün tamamında polkovnik-leytenantı həyat yoldaşı Könül Hüseynovayla bərabər yad etdik. Rəşadsız günlərin onun üçün dəhşətli və dözülməz olduğunu bu bir il ərzində daha çox anladığını deyir Könül xanım... “Balaca oğlum hələ də atasının ölümünü dərk etmir, onun bu sualı mənə əzab verir: Ana atamın təyyarədə yatmağa yeri varmı?” Oğlumun bu sualı qarşısında çox aciz qalıram...” 

"Rəşadla ölümündən 3 gün əvvəl bağa getmişdik. Bağdan qayıtdıqdan sonra qayınanama bizə gəlməsini söylədim və o gəldi. Bundan düz üç gün sonra Rəşad bizi əbədi tərk etdi. Bu bir ildə bir dəfə də olsun o bağa getməmişdim, arada atam gedib ağacları sulayırdı. Bir neçə gün əvvəl uşaqları götürüb bağa getdik. Bağda hər şey Rəşadın elə ölümündən üç gün əvvəl qoyduğu kimi idi. Siqaret qutusu, külqabı, kül, oturduğu yer belə onun qoyduğu kimi... Həmin gün Rəşad bizimlə idi sanki, ən yaxınımızda, balalarının başına tumar çəkirdi bəlkə də, onu biz görə bilmədik. Bu gün evdə də Rəşadın heç nəyinə toxunmamışam, geyimləri də necə var elə də qalıb. Bu günah sayılsa belə, Rəşadın paltarları hər zaman yerində asılı qalacaq"... 


MİQ-29 təyyarəsinin pilotu, mərhum polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın News24.az-a müsahibəsini təqdim edirik. 
 
- Bu gün Rəşad Atakişiyevin ölümündən 1 il ötür. Bu bir il ərzində Sizin üçün nələr dəyişdi? 

- Bu bir il bizim üçün çox ağır, əzablı və çətin keçdi. Çox ağır günlər keçirdik. Deyirlər ki, bir il insanın acısını, yarasını ovudur, amma dünən anamla da danışanda dedim ki, bu bizdə belə deyil. Çünki Rəşad bizim həyatımızda önəmli yerə sahib idi. Başımızın tacı, evimizin dayağı, mənim təkcə həyat yoldaşım yox, həm də dostum idi. Onsuz həyat doğrudan da bizim üçün qaranlıq günlərdir. Çox ağırdır... İnsan bunu yaşamayınca hiss edə bilmir.  
 
- Övladlarınız necə, atalarını soruşurlarmı? Yoxsa onun heç zaman gəlməyəcəyini dərk edirlər artıq? 

- Balaca oğlum dərk etmir. Çünki atasını itirəndə 2 yaşı var idi. Hələ də gələcəyinə ümid edir. O hələ ölüm nədir bilmir. Bunu dərk edəcək yaşda deyil. Biz ona atasının döyüşlərə getdiyini söyləmişik. Bu ümidlə də yaşayır. Bir neçə gün öncə məni çox kövrəltdi. Məndən “Ana, bəs təyyarədə atanın yatmağa yeri var? Rahat yata bilirmi ata?” deyə soruşdu. Elə bilir ki, atası daima uçur. Bu sualların qarşısında acizəm. Böyük oğlumu isə çox mətin gördüm. Əvvəllər onun əsəblərinə çox pis təsir etmişdi. Hazırda isə mənə dayaqdır. Mənim pis olduğumu görəndə əsəbiləşir. Var qüvvəsi ilə məni qorumağa çalışır. Sanki mənim keşikçimdir.  

- Oğullarınıza pilot olmalarına razı olarsınızmı? 

- Xeyr! Əsla! Rəşadı məndən sənəti aldı. Çünki o, işinə çox bağlı, mərd, cəsur insan idi. Lazımından da artıq dərəcədə çalışırdı. Hətta bizə çox vaxt ayıra bilmədiyi üçün üzrxahlıq edirdi. Vaxtından tez işə gedər, gec də evə qayıdardı. Öz məzuniyyət vaxtı gələndə sırasını yoldaşlarına verməyə də hazır idi ki, təki onun yoldaşları istirahət edə bilsinlər. Ən çətin döyüş tapşırıqlarına o gedirdi. Bilirsiniz ki, ən çətin və təhlükəli uçuşlar gecə uçuşlarıdır. Onu hər pilot bacarmır. Rəşadın peşəkarlığına güvəndikləri üçün bu uçuşları ona həvalə edirdilər. Çox təvazökar idi. Çox şeyləri bizə demirdi. Yoldaşları başsağlığına gələndə bir çox məqamları danışdılar. Hətta Rəşad mayor olan zaman da tanımadığı ərazilərdə öndə gedirdi, polkovniklər isə onun ardınca. Türklər də onu yüksək qiymətləndirildi. Rəşadı müxtəlif medallarla təltif etmişdilər. Rəşad övladlarımızın həkim olmasını istəyirdi. Mən də onun bu arzularının həyata keçməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Çalışacağam ki, layiqli mütəxəssis kimi yetişdirib Vətənə sahələri üzrə xidmət göstərsinlər. Xaricdə təhsil almaları üçün çalışacağam. 

- Bir il boyunca onsuzluq sizə nəyi öyrətdi?

- Bəlkə də bir qədər kişi öhdəliklərini öz üzərimə götürməyi öyrətdi. Rəşad hər şeyi o qədər öz üzərinə götürmüşdü ki, məni əsil xanım kimi saxlayırdı. Məsuliyyətim daha da artıqdır. Valideynlərimin canı sağ olsun. Hər zaman mənə həyandırlar. Anam daima mənimlədir. Amma yenə də Rəşadsız özümüzü dayaqsız hiss edirik. 
Rəşad sənəti ilə bağlı hər şeyə nail olmuşdu. 34 yaşında polkovnik-leytenant rütbəsinə qədər qalxmışdı. Hansı ki, onunla eyni Akademiyanı bitirən tələbə və iş yoldaşları hələ o rütbədə deyildilər. Bu da əlbəttə, onun peşəkarlığı, paradda göstərdiyi şücaətə görə verildi. Vəzifəyə ucaldıldı. Hər şeyə öz zəhməti ilə nail oldu. Böyük hörmət və sevgi sahibi idi. Onun haqda pis danışan bir adam da olsun görməmişəm. Həyatından çox xoşbəxt idi. İki oğul atası idi. Ailəsi ilə fəxr edirdi. İşimdəki irəliləyişlərə görə sevinirdi. O həyatda hər şeyə nail olmuşdu. Narazılığı yox idi. 


- Sizi bu gün nə qorxudur? 


- Müharibə şəraitindəyik və Rəşadın dostları üçün çox qorxuram. İyul ayında şəhid olanların ailələrinə başsağlığı verirəm.  Onların nələr çəkdiyini biz çox gözəl bilirik. Allah Rəşadın pilot yoldaşlarını qorusun. 

- Siz gözəl piano ifaçısısınız. Rəşad bəyə bəstə həsr etmisinizmi?

- Öz bəstəm var. Onu Rəşadın timsalında bütün şəhidlərimizə ithaf etmək qərarına gəlmişəm. İnşallah nəzərdə tutduğum müğənnilər etiraz etməz və bu layihə baş tutar. Arzumuz odur ki, yaşadığımız ünvana -  Dadaş Bünyadzadə 2-yə Rəşadın adı verilsin. Eyni zamanda təhsil aldığı Samux rayonunun Alabaşlı kəndindəki məktəbə də onun adının verilməsini çox istərdim. 

- Müharibə olacağı təqdirdə cəbhəyə gedərsinizmi?

- Gedərəm, çünki Vətən hissi elə bir hissdir ki, biz hər addımımızda, həyatımızın hər anında ona borcluyuq. Əgər biz həqiqətən vicdan və namusla bu həyatda yaşayırıqsa, Vətənimizi də qorumalıyıq ki, bizim gələcək nəsillərimiz də təmiz, açıq alınları ilə yaşaya bilsinlər.

- Rəşad Atakişiyevin məzarı üzərinə gedəndə ona nə dediniz? 

- Çox qəribədir ki, o hər zaman mənə “Səndən arxayınam. Onlara yaxşı təhsil verəcəksən. Onların arxasında duracaqsan” deyirdi. Sanki ömrünün qısa olacağını bilirdi. Onun qarşısında mənim əsas borcum onları cəmiyyətə layiqli övlad kimi böyütməkdir. Bunu da edirəm. Onun xatirəsinin əbədiləşdirilməsi yolunda da ömrümün axırına qədər əlimdən gələni əsirgəməyəcəyəm. Onun kimi qəhramanlarımız yaddaşlarda yaşamalıdır. Çünki onun kimi peşəkar pilotların yetişməsi üçün ölkə nə qədər vəsait qoyur, əmək sərf edir.  Bunu bizim gənclər daima qiymətləndirilməlidir. Doğrudan da o döyüş tapşırığını yerinə yetirərkən vəfat etdi. Övladlarımızın və mənim də borcumdur ki, Rəşad daima xatirələrdə yaşasın.


- Bəs Rəşad Atakişiyev haqqında kitab necə, yazmağı düşünürsünüzmü? 

- Rəşad haqda kitab yazıram. Düzdür, hələ tamamlaya bilməmişəm. Sağlamlıq durumum onun üzərində daima işləməyimə icazə vermirdi. Psixoloji stress mənə və ailəmə çox pis təsir etdi. Kitabın adı “Rəşadətli uçuş”dur. 

Azərbaycanın Rəşadətli Rəşad Atakişiyevi ruhun şad olsun! 

Ülkər Qasımova