“Koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur” - İlham Əliyev
    • 6-08-2020, 14:11
    • 538

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur” - İlham Əliyev

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir”.

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır: “İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir: “Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.

Dövlət başçısının sözlərinə görə, adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir: “Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib: “Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”.